Taksilərlə bağlı YENİ XƏBƏR - QİYMƏTLƏR...

Bu gün, 08:38           
Taksilərlə bağlı YENİ XƏBƏR - QİYMƏTLƏR...
Bir qisim vətəndaş ictimai nəqliyyatın avtobus seqmentinə üstünlük verməyə başlayıb; Bakıda ümumilikdə 35 min taksi olacaq
2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) apardığı islahatlar nəticəsində taksi minik avtomobillərinin orta yaşı 15-dən 7-yə düşüb. Bu barədə agentlik məlumat yayıb.

“İl ərzində elektrik və hibrid taksilərin sayı artıb, vahid rəngin tətbiqi təmin edilib, təhlükəsizlik artıb, ekologiyaya mənfi təsir azalıb, daha rahat və keyfiyyətli xidmət təmin olunub. Yenilənmiş avtomobil parkı paytaxtımızda daha təhlükəsiz, dayanıqlı və rahat mobillik mühiti formalaşdırır”, - deyə məlumatda qeyd olunub.

Yanvarın 10-da “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” mövzusunda mətbuat konfransı keçirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev taksi xidməti sahəsindəki son məlumatları diqqətə çatdırıb. O bildirib ki, 2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi verilib: “Taksi minik avtomobillərinə verilən buraxılış kartlarının sayı 21 620 ədəd olub. Tələblərə uyğun olan taksi minik avtomobillərinin buraxılış kartı alınmasına cəlb edilməsi, uyğun olmayan nəqliyyat vasitələrinin taksi fəaliyyətindən kənarlaşdırılması davam etdirilir. Buraxılış kartı alan taksilərin 35%-i 2020-24-cü illərdə istehsal olunan nəqliyyat vasitələridir. 13 taksi operatoruna icazə verilib. Təxminən 34 198 taksi sürücüsü təlimdən keçib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə qeyd edib ki, Bakıda sifariş verilmiş taksinin ünvana çatması müddəti maksimum 6-7 dəqiqədir:

“Taksi sahəsində islahatlarına yenicə başlanmasına baxmayaraq artıq müsbət nəticələr müşahidə olunur. Bu islahatların məqsədi qiymətlərin artırılması deyil. Taksi fəaliyyətinin tənzimlənməsi avtomobillərin keyfiyyətinin və sürücülərin hazırlığını əhatə edir. Həmçinin sürücülərin fəaliyyəti Əmək Məcəlləsinin tələblərinə uyğun tənzimlənir. Göstərilən xidmətlərdə xaotiklik aradan qaldırılırsa müəyyən korreksiyasılar ola bilər”, - deyə o qeyd edib.

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, taksilərlə bağlı aparılan islahatlar nəqliyyət texnologiyaları, nəqliyyət idarəedilməsi baxımından yanaşdıqda dəyişiklik yaradıb. Bununla yanaşı, ekspert hesab edir ki, vətəndaşların və sürücülərin mövqeyindən yanaşdıqda vəziyyət ürəkaçan deyil: “Vətəndaşlar istəyir ki, düyməni basan kimi taksi gəlsin, dursun qapıda, onu aparsın. Sürücülər isə istəyir ki, köhnə yaxud yeni maşın olmasından asılı olmayaraq, taksi idarə edə bilməsi üçün icazəsinin olmasını istəyir. Bu baxımdan yanaşmalar fərqlidir. Ona görə tam bilmək olmur ki, prosesin sonu necə olacaq. Ancaq artıq qaydalar müəyyənləşib, təhlükəsizlik, estetiklik, peşəkarlığın artırılması, normal xidmət, xidmətin keyfiyyətinin artırılması və s. məsələlərə artıq diqqət ayrılıb ki, bu məsələlər yüksək səviyyədə öz həllini tapıb. Çünki bu bir xidmət növü olaraq, yəni sonsuza qədər bu formada, tendensiya şəklində qala bilməz. Yəni bu proses səliqə-sahmana düşməlidir. Qaydalar bərqərar olmalıdır, proses kimlərinsə şəxsi arzusu-istəyi ilə yox, qanun çərçivəsində nizamlanmalıdır. Qaydalar tətbiq edildikdən sonra 67 min taksidən 23 mini qalıb, 44 min taksi qalıb kənarda. Biz buna sosial məsələ kimi baxsaq, deyə bilərik ki, 44 min vətəndaş isşiz qalıb, onların əqibəti necə olacaq? Proses bir formada tənzimlənir”.

Ekspertin sözlərinə görə, hazırda taksi parkı yenilənir: “AYNA tərəfindən verilən açıqlamalara diqqət yetirsək, görürük ki, avtomobillərin istehsal ili 15 ildən 7 ilə düşüb. Bu 23 min taksinin istehsal ili 7 ildən yuxarı deyil, ən pis halda 8 ildən yuxarı deyil. Bu, yaxşı göstəricidir. Rəng məsələsi yavaş-yavaş oturuşur, yəni, vahid rəng sistemi tətbiq edilir, ağ rəngə daha çox üstünlük verirlər və bu, öz-özlüyündə yaxşı bir göstərici kimi qeyd oluna bilər. Ancaq vətəndaşlar taksilərdən məmnun deyillər. Şikayət edirlər ki, qiymətlər bahalaşıb, keyfiyyət dəyişməyib. Amma keyfiyyət dəyişib, sürücülər artıq məsuliyyət hiss edirlər və bilirlər ki, onlara nəzarət var, eyni zamanda vətəndaşların şikayəti olsa, onların aqibəti pis ola bilər. Sürücülər yeni avtomobillə xidmət göstərirlər. Bu baxımdan vətəndaşların mövqeyindən baxanda qiymət bahalaşıb, amma sürücülərin mövqeyindən baxanda da qiymət bu gün üçün normaldır. Niyə normaldır? Çünki sürücülər artıq 10-12 minlik ”Priuslar"la xidmət göstərmirlər. Sürücülər 25-30 minə təzə maşın alıb. Maşın gündəlik istismar olunduqca, qiyməti aşağı düşür, onun təmir xərcləri yaranır, digər problemlər ortaya çıxır. Sürücü nə qədər pul qazanmalıdır ki, həm evinə çörəkpulu aparsın, həm də avtomobilin itən dəyərini, dəyişən qiymətini kompensasiya etmiş olsun. Bu məsələlərə diqqət etmək lazımdır. Bəzən insanlarımız da ancaq öz mövqələrindən yanaşırlar. Məsələnin ortaq həll yolu onu deməyə əsas verir ki, bu gün qiymətlərin bu formada tənzimlənməsi avtomobilparkının yenilənməsi ilə bağlıdır. Adam 10 minlik, 8 minlik maşınla xidmət eləmir, adam 30 minlik maşınla sənə xidmət göstərir və sən gözləyirsən ki, səni mənzil başına 3-4 manata aparsın. Bu real deyil. Qiymət tənzimlənməsinə getmək lazımdır. Aşağı, yuxarı hədd müəyyənləşdirilməlidir ki, şirkətlər ona uyğun davransınlar. Qiymətlər aşağı düşəndə sürücülər narazılıq edir, qalxanda da sərnişinlər. Ümumilikdə, vətəndaşların taksi xidmətindən istifadə etməsi bu gün elə də problem deyil. Bir müddət problem yarandı, taksilərin sayı azaldı. Amma bu gün artıq elə bir sistem yaranıb ki, yerli istehsal və Çindən gətirilən maşınlar taksi sayını yavaş-yavaş qaldıra bilir. Bakıda ümumilikdə 35 min civarında taksi olacaq. Hazırda 23 min taksi var. 12 min sürücü isə imtahan verib. Sadəcə, qeydiyyatdan keçmək, sağlamlıq arayışı almaq istəmir. Təlimdən keçib, imtahandan keçmək istəmir. Bunları da həll etmiş olsaq, yeni avtomobillərlə bərabər, 35 min taksi Bakı şəhəri üçün idealdır və normaldır".

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə isə, taksilərin qiyməti yüksəlsə də, daha təhlükəsiz olub: “Keyfiyyət isə qismən yüksəlib. Vətəndaşlar taksilərdən istifadə edirlər fəal olaraq, sadəcə Bakının bəzi hissələrində yeni avtobus marşrutları açıldığından və marşrutlara yeni avtobuslar buraxıldığından, intervallar azaldığından bir qisim vətəndaş artıq ictimai nəqliyyatın avtobus seqmentinə üstünlük verir. Taksi xidmətində bahalaşmanın davam edəcəyini düşünmürəm çünki artıq ictimai nəqliyyatın avtobus seqmenti ötən illərə nisbətən yaxşı çalışmağa başlayıb. Məlumdur ki, ötən ildən bu günə qədər təxminən 150 avtobus təmir olunaraq buraxılıb, daha sonra 165 yeni elektriklə işləyən avtobus gətirilib və xətlərə buraxılıb. O cümlədən özəl daşıyıcı şirkətlər 60 ədəd avtobus gətiriblər. Bu ilin birinci kvartalı ərzində özəl daşıyıcılar təxminən 50-60 civarında avtobus gətirəcək. Onu da vurğulamaq lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən xarici taksi şirkətləri taksi sürücülərinin, sərnişinlərin də hüquqlarını pozmaqla davam edirlər. Taksi sürücülərinin hüququ işçi kimi pozulur, onlar müddətdən artıq çalışdırılır, onların qeyri-nağd ödənişləri vaxtlı-vaxtında ödənmir. Sərnişinlərin hüquqları isə xidmətdən yararlanan istehlakçı kimi pozulur”.

İqtisadçı Xalid Kərimli hesab edir ki, köhnə nəqliyyat vasitələrinin taksi bazarından çıxarılması taksilərin sayına təsir edib: “Köhnə avtomobillərin sıradan çıxarılması taksi xərclərinə təsir etdi. Post-terminal tələbinin qoyulması, videoregisterin qoşulması, daha müasir avtomobillərin gətirilməsi və s. xərc artıran məsələlərdir. Bu da taksi xidmətində qiymətin bahalaşmasına səbəb olub, ən azı 40-50 faiz bahalaşma müşahidə olunur. Hesab edirəm ki, bahalaşma tendensiyası gələcəkdə də davam edəcək.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.