Həcc ziyarətinin bahalaşmasına rəsmi izahat: Qonşu qonşuya baxar, özünü oda yaxar

Bu gün, 11:44           
Həcc ziyarətinin bahalaşmasına rəsmi izahat: Qonşu qonşuya baxar, özünü oda yaxar
Deputat Fazil Mustafa hesab edir ki, imkanı olmayanın borc alıb Həccə getməsinə lüzum yoxdur. Qiymət bahadırsa, insanlar başqa ziyarətləri seçə, yaxud xeyirxah işlər görə bilərlər.
Azərbaycanda Həcc ziyarətinin qiymətinin bahalaşmasının səbəbi açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri açıqlama verib. O, bildirib ki, Həcc qiymətlərində bahalaşma bütün dünyada müşahidə olunur.
Həcc qiyməti nə qədər bahalaşıb?
"Hətta Türkiyədə, ərəb ölkələrində də bahalaşma var. Biz maksimum çalışdıq ki, bu il də Həcc ziyarətinin qiyməti dəyişməz qalsın. Amma dünyada baş verən qiymət artımından dolayı bu alınmadı. Ötən illə müqayisədə bu il Həcc ziyarətinin qiymət fərqini 100 ABŞ dolları civarında saxlaya bilmişiksə, düşünürəm ki, bu özü də böyük işdir" - V. Cahangiri deyib.
Qeyd edək ki, keçən il bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları olub. Göründüyü kimi, Həcc ziyarətinin qiymətində ötən illə müqayisədə bu il 100 ABŞ dolları bahalaşma var.
"Həccə getmək maddi imkanı olmayanlar üçün məcburi deyil"
Millət vəkili Fazil Mustafa düşünür ki, qiymət artımı xarici faktorlarla bağlıdır:
"Həcc qiymətlərinin bahalaşması təbiidir. Çünki, qiymətlər ili-ildən artır. Görünür Səudiyyə Ərəbistanında da Həcc ziyarəti ilə bağlı tələblər dəyişib. Təyyarə qiymətlərinin, hotel qiymətlərinin artması qiymətlərə təsirsiz ötüşmür".

Deputat deyib ki, Həcc ziyarətinə getmək maddi imkanı olmayanlar üçün məcburi deyil:
"Kimin maddi imkanı varsa Həccə gedə bilər. İmkanı olmayanın isə borc alıb getməsinə lüzum yoxdur. Qiymət bahadırsa, insanlar başqa ziyarətlərini seçə, yaxud xeyirxah əməllər görə bilərlər. Ona görə də Həcc ziyarətinin qiymətini müqayisə etmək lazım deyil. İnsanlar öz büdcələrinə uyğun davranmalıdırlar".
F. Mustafa onu da qeyd edib ki, ziyarətlərə inancların son hədəfi insanın özünü dəyişməsi, faydalı insana çevrilməsidir.
"İnsan özünü bu ziyarətə getmədən də, yaxşı və xeyirxah əməllər edərək dəyişə bilər. Xeyirxah əməlləri Həccə getmədən də etmək, mənəvi cəhətdən zənginləşmək mümkündür", deyə F. Mustafa bildirib.
Qonşu ölkələrdə Həcc qiymətləri
Qeyd edək ki, bu il qardaş Türkiyədə Həcc ziyarəti qiyməti 2025-ci il üçün 6500 ABŞ dollarıdır. Həcc ziyarətinə növbəsiz getmək isə 11 min ABŞ dollarına başa gəlir.
Rusiyada Həcc ziyarətinin qiyməti 5500 ABŞ dollarınadır. Nöbdədənkənar qiymət isə təxminən 11 min ABŞ dollarına başa gəlir.
İran İslam Respublikasında isə Həccin qiyməti 5 min ABŞ dolları civarındadır.
Məlumat üçün bildirək ki, Azərbaycanda Həcc ziyarətinin qiyməti təxminən 100 ABŞ dolları civarında bahalaşır. 2024-cü ildə bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları olub. 2023-cü ildə Həccə bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları ( 9775,00 AZN ) təşkil edib. Ümumilikdə, pandemiyadan əvvəlki dövrlə müqayisədə Azərbaycandan Həcc ziyarətində ciddi bahalaşma qeydə alınıb. 2018-ci ildə Həcc ziyarətinin qiyməti 4150 dollar, növbəti il 4285 dollar olub. 2020 və 2021-ci illərdə pandemiyaya görə ziyarət təşkil olunmayıb. Beləliklə, pandemiyadan bir il əvvəlki dövrlə müqayisədə bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar və ya 2660 manat artıb.
Qiymət baha olsa da, yerlər məhduddur!
V. Cahangiri bildirib ki, bu il Həcc ziyarətinə yerlər məhduddur. Onun sözlərinə görə, ötən illərə nəzərən bu il Həccə kvotanın az olması gözlənilir.
Xatırladaq ki, keçən il Azərbaycana Həcc ziyarəti üçün kvota 1 500 nəfər təşkil edib.
Məlumat üçün onu da bildirək ki, Həccə ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Həccə getmək üçün hansı sənədlər tələb olunur?
Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.
Sənədlərin qəbulu 21 yanvar 2025-ci il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.