Sabiq nazir: “35-40 faizlə kredit verilməsi biabırçılıqdır”

Bu gün, 00:02           
Sabiq nazir: “35-40 faizlə kredit verilməsi biabırçılıqdır”
“Bank olmayan kredit təşkilatları (BOKT) normal bank kimi fəaliyyət göstərmir. Nəticə isə acınacaqlıdır”.

Bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, sözügedən təşkilatlar insanları incidir:

“Normal bankdan kredit götürə bilməyən insanların üzünə bank olmayan kredit təşkilatlarının qapıları həmişə açıq olur. Çünki özlərinə sərf edən şərtlər müəyyən edirlər. Onlar çox yüksək faizlə vətəndaşlara kredit verirlər. Bəzən 30, 35 və ya 40 faizlə belə kreditə pul verirlər. Hətta mən bank olmayan kredit təşkilatından 48 faizlə kredit götürən insan görmüşəm”.

Ekspert qeyd edib ki, bəzi vətəndaşların iqtisadi bilgisi olmadığı üçün sözügedən təşkilatlara müraciət edirlər:

“Hansısa problemini həll etmək üçün pula ehtiyacı olan insanlar məcbur qalaraq bank olmayan kredit təşkilatlarına üz tuturlar. Yəni bəzən elə bir vəziyyət yaranır ki, insan şərtlərin ağırlığına dözə bilmir və kredit götürməyə məcbur qalır.

Məsələn, 50 min manat kredit götürürsə, 150 min manatlıq evini girov qoyur. Girovun məbləği kreditdən 3 dəfə daha çox olur. Nəticə etibarilə, faiz həddindən artıq dərəcədə yüksək olduğu üçün onu ödəyə bilmir. Sadəcə olaraq vətəndaş müqaviləni imzalayanda içində olduğu problemə görə bunu anlamır. Kredit verildiyi andan o pulun ödənilə bilməyəcəyi bəlli olur”.

Fikrət Yusifov qanunvericilikdə bəzi dəyişikliklər təklif edib:

“Bank olmayan kredit təşkilatı həmin vətəndaşları məhkəməyə verərək əmlakını əlindən alır. Təəssüf ki, qanunvericilik də buna yol verir. Əgər vətəndaş kreditini qaytara bilmirsə, qanunlara əsasən, 1 mənzili belə olsa, satmalıdır. Lakin Rusiyada bu məsələ başqa cürdür. Məsələn, vətəndaşın 1 mənzili varsa, bank onu kreditin qarşılığı olaraq ala bilməz. Rusiyadakı hüquq buna yol vermir.

Düşünürəm ki, bunu ölkəmizdə də etmək lazımdır. Onda bank olmayan kredit təşkilatları vətəndaşlara qarşı belə oyunlar qura bilməzlər. Vətəndaşın evini əlindən ala bilməyəcəyini bilsə, normal şərtlər daxilində kredit verər. Bu gün kimin əlində nə varsa, girov qoyaraq kredit götürür. Belə halların çox olması eybəcər vəziyyət yaradır”.

Professor vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən hüquqi aktlarda ciddi dəyişikliklər edilməlidir:

“Dövlət tərəfindən onların fəaliyyəti ilə bağlı tələblər sərtləşdirilməlidir. Hətta müəyyən faiz limitləri də tətbiq oluna bilər. Sərhədlərin olmaması bank olmayan kredit təşkilatlarının əl-qolunu açır və istədiklərini edirlər.

Sözügedən təşkilatlar əsasən Mərkəzi Bankdan aldıqları lisenziya əsasında fəaliyyət göstərirlər. Mərkəzi Bank banklar üçün müəyyən aşağı-yuxarı hədlər müəyyən etdiyi kimi, onlar üçün də bənzər addımlar atılmalıdır. Üstəlik, bunu daha sərt çərçivələrdə etmək lazımdır ki, belə özbaşınalıq olmasın. Ümumiyyətlə, 35-40 faizlə kreditin verilməsi biabırçılıqdır”.

Elmir Mustafa
"Cebheinfo.az"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.