Azərbaycanda nağdsız ödənişlərin məbləği dekabrda 50% artıb

3-02-2025, 09:34           
Azərbaycanda nağdsız ödənişlərin məbləği dekabrda 50% artıb
2024-cü ilin dekabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50 % artaraq – 8 milyard 486 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7 milyard 360 milyon manatı (86,7 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 121 milyon manatı POS-terminallar, 3,7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi kart əməliyyatlarının həcminin 64,2 %-ni təşkil edib.

Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 19 milyon 899 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 2,2 %, 2024-cü ilin əvvəlinə nisbətən 17,6 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 19,9 % artaraq 17,643 milyona, kredit kartlarının sayı isə 1,8 % artaraq 2,256 milyona çatıb. 12 ayda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,266 milyard manat (illik müqayisədə 29,6 % çox) və 893 milyon manat (36,5 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 6,2 %, POS-terminalların sayı isə 38,4 % artaraq müvafiq olaraq 3 304 ədəd (Bakı üzrə 1 772 ədəd) və 119 540 ədəd (Bakı üzrə 73 042 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur – “Visa İnternational”, “MasterCard İnternational”, “American Express”, “Diners Club İnternational” və “JCB Card”dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru