Avropanın sürətlə boşalan qaz anbarları - "Gas Infrastructure Europe"
Bu gün, 10:19
Avropanın yeraltı qaz anbarlarından ("YQA") qaz çıxarılması yanvar ayında son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Bu artım soyuq hava şəraiti və Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması ilə əlaqədardır.
"TASS" xəbər verir ki, bu barədə statistikalar "Gas Infrastructure Europe" ("GIE") məlumatlarında öz əksini tapıb.
Yanvar ayının sonunda Avropa İttifaqında ("Aİ") ümumi qaz ehtiyatları 54%-dən aşağı düşüb. Eyni zamanda, Avropanın qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın ("MTQ") terminallardan daxil olması 2024-cü ilin dekabrı ilə müqayisədə bir qədər azalıb.
Yanvarda Avropanın "YQA"larından 21,3 milyard kubmetr qaz çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% çoxdur və son dörd ilin maksimum göstəricisidir. Bu, müşahidə tarixi ərzində yanvar ayı üçün üçüncü ən yüksək göstəricidir. Anbarlara vurulan qazın həcmi isə 744 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin göstəricisindən 20% azdır və 2016-cı ildən bəri minimum səviyyəyə düşüb.
Yanvarın 31-nə olan vəziyyətə görə, Avropanın qaz ehtiyatları 53,59%-ə enib ki, bu da son beş ilin orta göstəricisindən 6,99 faiz bəndi aşağıdır. Bu rəqəm təkcə ötən payız-qış mövsümünün sonundakı səviyyədən deyil, həm də 2019-2020 və 2022-2023 illərin istilik mövsümlərinin sonundakı səviyyədən də aşağıdır. Yanvar ayının yekunlarına görə, Avropanın yeraltı anbarlarında 60 milyard kubmetrdən az qaz qalıb.
Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə (ötən payız-qış mövsümü ilə müqayisədə 10 gün tez) başlayıb. Həmin vaxtdan etibarən "Aİ" ölkələri anbarlardan təxminən 49 milyard kubmetr qaz çıxarıb. Bu müddət ərzində "YQA"lardan qaz çıxarılması, anbarların maksimum doluluq səviyyəsinə çatdığı gündən hesablandıqda, son beş ilin eyni günlər üzrə orta göstəricisindən 25% çox olub.
Avropa üçün ən kritik illər 2018 və 2022-ci illər olub. Həmin illərdə istilik mövsümünün sonuna yaxın anbarlardakı qaz ehtiyatları kritik həddə – müvafiq olaraq 18% və 26%-dən aşağı düşüb. Hətta anbarların işini təmin edən "bufer qazı"ndan istifadə etmək məcburiyyəti yaranıb.
Yanvarda "YQA"lardan qaz çıxarılmasının bu qədər yüksək olması əsasən soyuq hava şəraiti və Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması ilə bağlıdır. Ötən ay "Aİ"də külək enerjisinin ümumi elektrik istehsalında payı 21% təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə dəyişməyib.
Yanvar ayında Avropada qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 518 dollar olub ki, bu da dekabr ayı ilə müqayisədə 6% çoxdur. Həmçinin ayın son ticarət günündə qaz qiyməti 577 dollar səviyyəsində qərarlaşıb ki, bu da dekabrın sonu ilə müqayisədə 7% və 2023-cü ilin oktyabrından bəri maksimum göstəricidir.
Yanvarda Avropanın qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın terminallardan daxil olması bir qədər azalıb. Ay ərzində ümumi "MTQ" idxalı 10,4 milyard kubmetr təşkil edib ki, bu da 2024-cü ilin dekabrı ilə müqayisədə 0,7%, ötən ilin yanvar ayı ilə müqayisədə isə 2,5% azdır. Bu göstərici 2022-ci ildən bəri yanvar ayı üçün ən aşağı səviyyədir.
2025-ci ildə Avropanın qaz təchizat mənbələri arasında yeraltı qaz anbarlarından qaz çıxarılması 46%-dən çox payla birinci yeri tutur. Bu barədə Avropa qaz nəqli sistemləri operatorları şəbəkəsinin ("ENTSOG") 30 yanvar tarixli məlumatlarında qeyd olunur.
İkinci yerdə 23%-lik payla "MTQ" tədarükü, üçüncü yerdə isə 16%-lə Şimal dənizindən (əsasən Norveç qazı) tədarüklər qərarlaşıb.
Bu göstəricilər Şərqdən (Rusiya qazı, Ukrayna üzərindən tədarüklər, habelə Avropa şirkətlərinin Ukraynadakı "YQA"lardan çıxardıqları qaz) gələn tədarük həcmini (4,3%) üstələyib. Şimali Afrikadan qaz idxalı 6,6%, Böyük Britaniyadan isə 1,6% təşkil edib.