Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedir - AÇIQLAMA
Bu gün, 11:56

Bu günlərdə səhhətindəki problemlərlə bağlı azadlığına qovuşan tanınmış jurnalist, "Xural" qəzetinin baş redaaktoru Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedir. "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə jurnalistin həyat yoldaşı Məlahət Zeynallı çıxış edib.
O daha sonra açıqlamasında qeyd edir: "Azadlığın türkiyəli qardaşlarımız demiş, "buruq sevinci"ni yaşayırıq. Çoxsaylı, çoxminli təbrik seli ilə qarşı-qarşıyayıq. Millətimizin qarşılama mərasimi başımızı ucalardan uca edib. Bu ağrıların, dərd və əzabların içində məmnunuq.
Əziz Millətimiz! Məlum olduğu kimi, Əvəz Zeynallının səhhətində ciddi problemlər var. Həkim-mütəxəssislərlə məsləhətləşmələrimiz davam edərkən, dünyanın hər yerindən müraciətlər var - Əvəz Zeynallını Almaniyaya, Danimarkaya, Avstriyaya, Rusiyaya, Belarusa, İrana, Türkiyəyə, İsveçrəyə və digər ölkələrə dəvət edirlər. Onlarla həkim, yüzlərlə xərçəngdən sağalan vətəndaşlarımız zəng edir, onlarla müalicə yolları göndərirlər. Hamısını oxuyuruq, hamısını dəyərləndiririk, hamısını qiymətləndiririk və bir daha maraqlanan, dərdimizə şərik olan hər kəsə - hamıya sonsuz minnətdarıq.
Bir neçə gündür Sizi bilgiləndirə bilmirik. Ancaq çalışıb tez-tez Əvəz Zeynallının səhhəti haqqında Sizi bilgiləndirəcəyik. Bəzi detallar müəyyənləşən kimi müalicə üçün ölkəmizdən kənara - böyük ehtimalla Türkiyəyə yollanacağıq və hər zaman dualarınıza möhtacıq.
Sevgili Xalqımız, Uca Millətimiz, Sizi Sevirik!"