Azərbaycana 4 ayda 33 minə yaxın nəqliyyat vasitəsi gətirilib
Bu gün, 10:24

Bu ilin ilk dörd ayında – yanvar-aprel dövründə Azərbaycan xaricdən ümumilikdə 33 767 ədəd müxtəlif növ avtomobil gətirib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, bu idxalın dəyəri 616,138 milyon ABŞ dolları təşkil edib.
Statistikaya əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalında həm say, həm də dəyər baxımından əhəmiyyətli artım qeydə alınıb – müvafiq olaraq 21,3 % və 22,6 % artım müşahidə olunub.
İnsan daşımaq üçün nəzərdə tutulmuş, sürücü də daxil olmaqla ən azı 10 nəfərlik avtobus və digər iri tutumlu nəqliyyat vasitələrinin idxalı ötən ilin analoji dövrü ilə müqayisədə ikiqat artaraq 155 ədədə çatıb. Bu nəqliyyat vasitələrinin ümumi dəyəri isə 12,433 milyon ABŞ dolları olub.
Ən çox idxal olunan nəqliyyat vasitələri isə yenə də minik avtomobilləri olub. Onların sayı 30 814 ədəd təşkil edib ki, bu da illik müqayisədə 23,2 % artım deməkdir. Həmin avtomobillərin ümumi dəyəri 551,249 milyon dollar olub.
Maraqlı faktlardan biri də hibrid və elektromobillərlə bağlıdır. Belə ki, daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə işləyən avtomobillərin sayı 2,8 dəfə artaraq 14 336 ədədə yüksəlib (405,012 milyon dollar). Eyni zamanda, yalnız elektrik enerjisi ilə işləyən avtomobillərin idxalı isə əksinə, 39,8 % azalaraq 609 ədədə (20,411 milyon dollar) düşüb.
Yük avtomobillərinin idxalında cüzi azalma müşahidə olunub – bu tip nəqliyyat vasitələrinin sayı 2 613 olub ki, bu da ötən illə müqayisədə 0,5 % azalma deməkdir. Onların dəyəri isə 33,352 milyon dollar təşkil edib.
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalında isə əks tendensiya müşahidə edilib – bu növ nəqliyyat vasitələrinin sayı 40,15 % artaraq 185 ədədə çatıb və ümumi dəyəri 19,104 milyon dollar olub.