Zaman Orucov: “Xaçmaz RPŞ-nin rəis müavini Amil Tahirlinin KİV-lərə verdiyi açıqlama həqiqətə uyğun deyil”

2-02-2017, 20:31           
Zaman Orucov: “Xaçmaz RPŞ-nin rəis müavini Amil Tahirlinin KİV-lərə verdiyi açıqlama həqiqətə uyğun deyil”
Bu sözləri “Şimal xəbərləri” qəzetinin əməkdaşına müsahibəsində Xaçmaz rayonunun Qusarçay kənd sakini, yanvarın 22-dən 23-nə keçən gecə polis şöbəsində dəhşətli işgəncələrə məruz qaldığını söyləyən Zaman Orucov deyib. Onun açıqlamasına görə, A. Tahirli mətbuata onun həyətindəki “Vaz 21 06” markalı avtomoblin sənədlərinin olmadığını söyləyib. Zaman Orucov müxbirimizə bildirib ki, sahə müvəkkili də, yol patrul xidmətinin əməkdaşları da maşına baxış keçiriblər. Avtomobilin texniki sənədi, motorunun və kuzovunun nömrələri yoxlanıldı. Hər şey düz çıxıb. Bundan sonra onun özünə də deyiblər ki, maşın sırf özünə məxsusdur. Zaman dedi ki, sadəcə maşının etibarnaməsinin vaxtı bitib, o da yaxın günlərdə həll ediləcək. Hazırda maşın işləmədiyindən ondan ümumiyyətlə istifadə etmir. O ki qaldı, polis şöbəsində işgəncəyə məruz qalması ilə bağlı dediklərinin A. Tahirli tərəfindən təkzib olunmasına, Zaman bunu böhtan adlandırdı. O, bildirdi ki, polis şöbəsində rəis müavini Amil Tahirli, cinayət-axtarış bölməsinin rəisi Səxavət Abbasov və daha bir mülki geyimli əməkdaş tərəfindən ona ağılasığmaz işgəncələr verilib. Vəhşicəsinə döyüldükdən sonra elektroşok qurğusu vasitəsi ilə bədəninə cərəyan buraxılıb. Yalnız huşunu itirdikdən sonra polislər təcili yardım maşınını çağırmağa məcbur olublar və işgəncəni dayandırıblar.
Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar yanvarın 30-da DİN Daxili Təhqiqatlar İdarəsinin əməkdaşı Natiq Abdullayev Xaçmaz rayonuna ezam edilərək Zamanın evində ondan izahat alıb. Müsahibimiz deyir ki, hər şeyi olduğu kimi yazıb. Lakin sorğu-sual zamanı bir insident də yaşanıb. Z. Orucov rayon prokurorluğu tərəfindən araşdırmalar aparıldığına görə, bu məsələnin hələlik işıqlandırılmasını istəmədi.
Fevralın 1-də Xaçmaz şəhərində bir qrup ictimai fəal yığışaraq polis şöbəsində baş vermiş işgəncə faktını müzakirə ediblər. Müxbirimizə verilən məlumata görə, onlar Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət etmək barədə qərar qəbul olunub.
Mövzuya qayıdacağıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.