Ağsu Regional Qaz İstismar İdarəsi Məhkəmə qətnaməsini saya salmır

6-02-2017, 08:20           
Ağsu Regional Qaz İstismar İdarəsi Məhkəmə qətnaməsini saya salmır
Ağdaş rayon Tofiqi kənd sakini Bəhruz Qinyaz oğlu Həsənov 2016-cı ilin fevral ayında mənə müraciət edərək Ağsu RQİİ tərəfindən ona qanunsuz olaraq 673,60 manat qaz borcu yazıldığını bildirmişdir. Ağsu RQİİ-nin Ağdaş Xidmət Sahəsi tərəfindən 26 yanvar və 03 fevral 2016-cı il tarixlərdə Bəhruz Həsənova göndərilmiş xəbərdarlıq məktublarında müvafiq olaraq sayğacın dəyərinə görə 130 manat, itirilmiş qaz sərfiyyatına görə isə 543,60 manat borcun 5 gün müddətinə ödənilməyəcəyi təqdirdə onun evinə qaz verilişinin dayandırılacağı bildirilirdi. Həmin borcun qanunsuz və əsassız olduğunu bilib "Əsassız hesablanmış borcun silinməsi " tələbi ilə Ağdaş Rayon Məhkəməsində iddia qaldırdıq. 05 aprel 2016-cı il tarixdə Ağdaş rayon Məhkəməsində hakim Ruslan Əlizadənin sədrliyi ilə işə açıq məhkəmə iclasında baxaraq Bəhruz Həsənovun iddiası təmin edilmiş və cavabdeh "Azəriqaz" İB-nin Ağsu RQİİ tərəfindən sayğaca görə 130 manat, itirilmiş qazın dəyərinə görə 543,60 manat, cəmisi 673,60 manat əsassız hesablanmış borcun silinməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Ağsu RQİİ apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə 18 avqust 2016-cı il tarixdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim Mahir Əsədlinin sədrliyi, hakimlər Vidadi Qasımov və Ələddin Məcidlidən ibarət tərkibdə baxaraq cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməmiş və Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 18 avqust 2016-cı il tarixli qətnaməsindən Kassasiya şikayəti verilmədiyindən 01 noyabr 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Amma məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsinə baxmayaraq "Azəriqaz" İB Ağsu RQİİ-nin rəhbərliyi məhkəmə qətnaməsini saya saymayaraq vətəndaşa yazdığı qanunsuz yazdığı 673, 60 manat borcu silməkdən imtina edir və idarənin əməkdaşları tez-tez Bəhruz Həsənova yazılmış 673,60 manat borcu ödəmədiyi təqdirdə onun evinə qaz verilişinin dayandırılacağı ilə hədələyərək onun ailəsini narahat edirlər.
Ağsu RQİİ-nin özbaşınalığı və Dövlətin adından çıxarılmış məhkəmə qətnamələrini icra etməkdən imtina etməsi bununla bitmir. Göyçay Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixdə Ağsu RQİİ-nin Göyçay rayon sakini Nizami Rəhimova hesabladığı 778 manat, Ramin Məhərrəmova hesablanmış 325,40 manat və Bəhruz Məmmədova hesablanmış 357,80 manat borcun qanunsuz və əsassız hesab edərək ləğv etməsinə baxmayaraq icra etməkdən imtina edir və vətəndaşları narahat edirlər. Bizə isə qalır Dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin cavabdeh tərəfindən qəsdən və qərəzli şəkildə icra etməməyə görə cinayət məsuliyyəti tərkibi yaratdığını məsul şəxslərin nəzərinə çatdırmaq.
Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddə 306. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə
Maddə 306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə--
Maddə 306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azalıqdan məhrumetmə ilə cəzalandırılır.

İlqar Məhərrəmli hüquq müdafiəçisi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.