Taxıl boldursa, un niyə bahalaşdı?!

13-07-2015, 15:08           
Taxıl boldursa, un niyə bahalaşdı?!
Azərbaycanda unun qiyməti 10 faizdən çox artıb. Lakin normal halda yay aylarında unun qiyməti aşağı düşməli idi. Dünya bazarında təklifin artması fonunda tələbin azalması müşahidə olunur.

Bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.
Ekspertin sözlərinə görə, taxıl biçini mövsümündə unun qiymətinin artması əmtəəlik buğdanın az olacağından xəbər verir: “Ukrayna bir həftə əvvəl ixrac etdiyi əla növ unun 1 tonunu 220-225 dollara təklif etdiyi halda indi 205-215 dollara, 210-215 dollara təklif olunan I növ unu isə indi 195-205 dollara təklif edir. Azərbaycanda isə un istehlakçılara dünya bazarında mövcud olan qiymətlərdən 60 faiz baha - 340 dollara təklif olunur”.
Qeyd edək ki, 50 kiloqramlıq un kisəsinin qiyməti 1 manat 80 qəpik artıb.
Kənd Təsərrüfatı Nazirliyi isə ötən həftə bu il taxıl istehsalının artdığını açıqlamışdı.
Nazirliyin yaydığıı hesabatda bildirilir ki, bu ilin ilk yarısında 915212 hektar biçiləcək dənli və dənli paxlalıların (qarğıdalısız) 780932 (88,8 faiz) hektarı biçilib. Hektardan 30,3 sentner olmaqla 2368900 ton taxıl, o cümlədən biçiləcək 539715 hektar buğda sahəsinin 425379 hektarı (78,8 faiz) biçilərək hektardan 31,7 sentner olmaqla 1349900 ton məhsul yığılıb.
Cari mövsüm respublika tarixində ilk olaraq rekord (30 sen/hektardan yuxarı) orta məhsuldarlıq göstəricisinə nail olunub. Taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 34 faiz, o cümlədən buğda üzrə 33,8 faiz yüksəkdir.
Bəs onda un niyə bahalaşıb? Nazirlik yəqin ki, bu suala da cavab verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.