Daha bir komitə sədri vəzifəsi ilə vidalaşacaq

30-07-2015, 22:48           
Daha bir komitə sədri vəzifəsi ilə vidalaşacaq
Dövlət komitələrinin bir neçəsi daha çox öz fəaliyyətsizliyi ilə diqqəti çəkir. Onların hansı işlə məşğul olması, səlahiyyətlərinə aid olan vəzifələri necə həyata keçirmələri əksər hallarda ictimaiyyətə qaranlıq qalır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də fəaliyyəti o qədər ürəkaçan deyil. Düzdür, komitənin sədri Hicran Hüseynova ilə bağlı indiyə qədər mətbuatda demək olar ki, az sayda tənqidi yazı gedib.

"Gündəlik Bakı"nın yazısında bildirilir ki, amma bu, xanım komitə sədrinin işini nöqsansız görməsi ilə bağlı deyil. Həm komitənin, həm də sədrin fəaliyyətində kifayət qədər nöqsanlar mövcuddur. Biz mətləbə keçməmişdən öncə vurğulamaq istəyirik ki, komitə prezidentin 6 fevral 2006-cı il tarixli fərmanı ilə yaradılıb. Yaranan gündən Hicran Hüseynova komitəyə sədrlik edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məlumat üçün bildirək ki, komitəyə rəhbərlik edən Hicran Hüseynova 13 avqust 1955-ci ildə Moskva şəhərində anadan olub. 1972-ci ildə 6 nömrəli orta məktəbi, 1977-ci ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1977-ci ildən 189 saylı orta məktəbdə müəllim fəaliyyətinə başlayıb, paralel olaraq Bakı Dövlət Universitetində siyasi tarix fənnini tədris edib. 1988-1993-cü illər ərzində Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasında müəllim, baş müəllim və kafedra dosenti vəzifəsində işləyib. Apardığımız araşdırmalar göstərir ki, komitə fəaliyyət göstərdiyi 9 il ərzində bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün elə də müsbət işlər görə bilməyib. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsi sahəsində ciddi boşluqlar mövcuddur. Həmçinin komitə rəhbərliyi ailə başçısını itirmiş şəhid ailələrinin, tək anaların, xüsusilə əlil qadınların və uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədi ilə vaxtında müvafiq vəsatətlər qaldırmır. Məlumdur ki, son vaxtlar qadın alveri, azyaşlı qızların fahişəliyə cəlb edilməsi məsələsi ciddi problemə çevrilib. Bir müddət əvvəl Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bu məsələ ilə bağlı maraqlı açıqlama verib. Hüquq müdafiəçisi bildirib ki, Gürcüstanda fəaliyyət göstərən qadın hüquqlarının müdafiəsi təşkilatları bu faktla bağlı tədbir görülməsi üçün azərbaycanlı həmkarlarından kömək istəyiblər: "Gürcüstanın turizm məkanlarında seks ticarətinin qurbanları arasında aparılan statistikada azyaşlı azərbaycanlı qadınlar birinci yerdə olub. Halbuki ötənilki məlumatlarda Özbəkistandan gətirilən qadınların sayı çox olmuşdu. Ən pisi də odur ki, qonşu ölkədə fahişəliklə məşğul olan Azərbaycan vətəndaşları arasında azyaşlılar üstünlük təşkil edir. Gürcü həmkarlarımızın təqdim etdiyi materiallardan bəlli olur ki, azərbaycanlı qadınlar orada hətta qul kimi satılırlar.

Onlar sıraya düzülür, bəyəniləndən sonra danışıqlar başlayır. Gürcü hüquq müdafiəçiləri bunu da xüsusi vurğulayır ki, əcnəbi turistlər daha çox azərbaycanlı və özbək qızlarını sifariş verirlər". Maraqlıdır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi hüquq müdafiəçisinin açıqladığı acınacaqlı məsələyə münasibət bildirməyib. Azərbaycanlı qızlar Gürcüstanla yanaşı, elə öz ölkəmizdə də cinsi istismara, zorakılıq hallarına məruz qalırlar. Sual olunur: komitə belə hallara qarşı hansı səviyyədə mübarizə aparır? Yaxud bu kimi iyrənc işlərin aradan qaldırılması istiqamətində indiyə kimi hansı tədbirlər həyata keçirilib? Komitə sədri Hicran Hüseynova ancaq özünü müxtəlif sayt və qəzetlərdə reklam etdirməklə məşğuldur. Onun iş fəaliyyətinə gəldikdə isə hər şey sıfra bərabərdir. Əslində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadına qarşı olan zorakılığın qarşısını almaq, ictimaiyyətdə onların ucalığını hamıya çatdırmaq, zorakılığın kökünü tapmağa borcludur. Əfsus ki, dövlət qurumu bu sahədə üzərinə düşən işləri istənilən səviyyədə yerinə yetirə bilmir. Uşaq əməyinin istismarı, qızların erkən yaşda nikaha cəlb edilməsi və sair hallar hələ də ciddi problem olaraq qalır. Bu arada, qeyd etmək lazımdır ki, son illər. Azərbaycanda qadınlara qarşı zorakılıq halları artıb. Bu barədə "Təmiz Dünya" İctimai Birliyinin məlumatında deyilir ki, son bir ildə qadınlara qarşı zorakılıq hallarına dair 250-dən çox müraciət daxil olub: "Təkcə ailə-məişət zorakılığı ilə bağlı qadınlar tərəfindən 80 müraciət edilib. Son vaxtlar ailə-məişət zəminində zorakılıq halları artıb. Bunu bizim qaynar xətə daxil olan müraciətlər də təsdiqləyir". Komitə sədri Hicran Hüseynova da ölkədə məişət zorakılığı hallarının artdığını bir neçə dəfə təsdiq edib. Amma bu halların aradan qaldırılması istiqamətində nə bir tədbir görülür, nə də maarifləndirmə işləri aparılır. Bütün bunlar onu deməyə əsas verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini layiqincə həyata keçirə bilmir. Biz bilmək istəyirik ki, ölkədə sırf qadınlarla, uşaqlarla, ailələrlə bağlı bu qədər problem olduğu halda Hicran Hüseynova və komitəsi niyə susur. Axı dövlət büdcəsindən hər il komitəyə milyonlarla manat vəsait ayrılır. Hanı bu pulların qarşılığında görülən işlər, Hicran xanım? Gələn saylarımızda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Hicran Hüseynovanın fəaliyyəti ilə bağlı araşdırma yazısı dərc edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.