Qarabağ veteranları: - "Müavinətimiz 100 MANATA çatdırılsın"

12-08-2015, 15:45           
Qarabağ veteranları: - "Müavinətimiz 100 MANATA çatdırılsın"
Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələri ilə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin sosial vəziyyətlərinin yüksəldilməsi istiqamətində bir çox işlər görülməkdədir. Onlar dövlət hesabına mənzil, avtomobil, əlil arabaları və s. ilə təmin olunur, ölkə daxili və xaricində reabilitasiya kursları alırlar.

Bütün bunları yüksək qiymətləndirən Azərbaycan Vətən Müharibəsi Birliyinin sədri Fizuli Rzaquliyev Qarabağ veteranlarının problemləri barədə Modern.az saytına danışıb.

Keçmiş döyüşçü bildirib ki, bir çoxları hələ də veteran vəsiqəsi ala bilməyib, işsizlik, ev təminatı, veteran övladlarının təhsil haqqından azad olunmaması kimi problemlər hələ də öz həllini tapmayıb: “Əlbəttə, ən böyük problemimiz Qarabağ torpaqlarının geri qaytarılmasıdır. Amma o torpaq uğrunda döyüşənlərin də yaşayış səviyyəsi yüksəldilməlidir. Müəyyən qanunlar, normativlər qəbul olunanda biz onları alqışladıq, amma təəssüf doğuran odur ki, veteranlar həmin qrupa daxil edilmir.

Bütün bunlarla yanaşı, bəzi məmurların özbaşınalığı, laqeydliyi, “səni döyüşə mən göndərməmişdim” deməsi də narahatlıq yaradan məqamlardandır”.

Füzuli Rzaquliyev dövlətdən veteranlara verilən müavinətin məbləğinin az olmasından da gileylənib: “Kommunal xidmət haqları ləğv ediləndən sonra veteranlara 45 manat məbləğində müavinət verilir. Amma həmin məbləğin 100 manata çatdırılması daha yaxşı olardı.

Müharibə əlilləri üçün yaxşı bir qanun var, dünyasını dəyişənlərin imtiyazları ailə üzvlərinə keçir. Biz hesab edirik ki, bu, veteranlara da şamil olunmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.