Seçiciləri axır ki, Muxtar Babayevin yadına düşüb - axı yeni seçki gəlir...
14-08-2015, 11:40
Millət vəkilinin rəhbərlik etdiyi "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində isə işçilərin əmək və sosial hüquqları pozulur. SOCAR-ın tərkibində fəaliyyət göstərən "Azərikimya" İstehsalat Birliyinin bəzi müəssələrində qurumun işgüzar imicinə zərbə vuran ciddi problemlərdən yenə xəbər var. Çoxdandır ki, həllini tapmayan bu çatışmazlıqlarla bağlı mətbu orqanlarda gedən tənqidi qeydlərə isə nədənsə məhəl qoyulmur. Bu da azmış kimi, belə tənqidlər əksər hallarda Birliyin rəhbərliyi tərəfindən top-tüfənglə qarşılanır.
Qeyd edək ki, Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmanla ARDNŞ-nin tərkibində "Azərikimya" İstehsalat Birliyi təsis olunub. "Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" zavodu, "Səthi Aktiv Maddələr" zavodu, "Üzvi Sintez" zavodu, "Mexaniki Təmir" zavodu, "Kimyalayihə" institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir. "Azərkimiya" İstehsalat Birliyinin müəssisələrində 20-dən çox neft-kimya məhsulları, o cümlədən etilen, polietilen, texniki və saf izopropil spirti, ağır piroliz və epoksid qətranları, xlor, kaustik soda və başqa məhsullar istehsal olunur. Həmin məhsullar isə 30-dan artıq ölkəyə ixrac olunur. Altı minə yaxın işçinin çalışdığı "Azərkimya" İstehsalat Birliyinə bu qurumun Müşahidə Şurasının sədri Muxtar Babayev rəhbərlik edir. Əslinə qalsa, daşıdığı iki əsas vəzifənin arasında naçar qalmış kimi görünən rəhbərin bunlardan heç birini fərli-başlı yerinə yetirə bilmədiyi çoxlarına sirr deyil. 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Muxtar müəllimin deputatlıq fəaliyyəti də ötən 5 ilə yaxın bir müddət ərzində elə bir ciddi nəticələrlə yadda qalmayıb.
Millət vəkilinin parlamentdə danışmaq kimi ən adi bir hüququndan könüllü imtinasının səbəblərini də onun özündən savayı heç kəs bilmir.Bircə faktı oxucuların nəzərinə çatdıraq ki, son 2 il ərzində Muxtar Babayev MM-nin iclaslarında yalnız 1 dəfə, Dəniz limanları haqqında Qanunun müzakirəsi zamanı danışıb. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olan hörmətli millət vəkilini son 2 ayda da iş yerində görən olmayıb. İstehsala Birliyində gedən proseslərdən xəbəri olmayan millət vəkilinin işini atıb seçici axtarışına çıxdığı deyilir. Lakin bu axtarış seçici kütləsi ilə birbaşa təmaslar vasitəsilə deyil, Muxtar müəllimin öyrəşdiyi klassik üsullarla aparılır. Azərkimya rəhbəri adətincə ilin br neçə ayını xaricdə ezamiyyətdə keçirməyə üstünlük verir.
Azərkimya İstehsalat Birliyinin strukturuna daxil olan zavod və müəssisələrdə işçilərin əmək hüququ kobud surətdə pozulur.İlk növbədə texniki təhlükəsizlik qaydalarına məhəl qoyulmur.İşçilərin müvafiq kaska və xüsusi forma ilə təminatında boşluqlar var.İş başında olan fəhlələrin movcud qaydalara müvafiq şəkildə məlumatlandırılması, təlim kurslarına cəlb edilməsi isə demək olar ki, tam formal xarakter daşıyır. Qurumun strukturuna daxil olan bəzi zavodların fəhlə və qulluqçularını əmək müqavilələrində əksini tapmış istirahət günlərində də iş başında görmək mümkündür.Baxmayaraq ki, İstehsalat Birliyinin rəhbərliyi tərəfindən buna görə əslində işçiyə əlavə ödəniş hesablanmalıdır, bu məsələnin birmənalı şəkildə unudulduğunu güman etmək olar. Yeri gəlmişkən, bizə çatan məlumatda zavodda çalışan işçilərin heç də hamısı ilə əmək müqaviləsinin bağlanmadığı bildirilir. Əmək müqavilələrinin vahid elektron bazasına adları düşməyən işçilərin hansı əsaslarla bu müəssisələrdə fəaliyyət göstərdiyi də qaranlıqdır.Birliyin zavodlarında əməkhaqqı sistematik şəkildə gecikdirilir. Bununla bağlı edilən şikayətlər isə əksər hallarda ixtisarlarla nəticələnə bilər.13-cü əməkhaqqını isə fəhlə və mühəndislər yalnız arzu edə bilərlər. Bəzi məlumatlara görə, bir çox fəhlələr yerinə yetirdikləri işin xüsusiyyətindən irəli gələn əmək öhdəliklərini yerinə yetirmək üçün yayın cırcıramasında uzun müddət açıq havada işləməli olurlar. Bu zaman ortaya çıxan günvurma, ilan və əqrəb sancmaları kimi təhlükələrlə üz-üzə qalararq həyatını risk altında qoymaq məcburiyyətindədirlər.Təəssüf ki, işçilərin mümkün təhlükələrdən qorunması üçün müasir tibbi vasitələrdən istifadə mümükünsüz görünür. Göründüyü kimi, sadaladığımız problemlərin həlli çətinlik baxımından heç də böyük əziyyət tələb etmir. Bunun üçün sadəcə rəhbərin qətiyyəti və gecə-gündüz iş başında olan adi zəhmət adamına qarşı qayğı göstərmək əsas şərtdir. Lakin, həllini gözləyən əyər-əskikliklərin illərlə acı bağırsaq kimi uzanması "Azərikimya" İstehsalat Birliyinin fəaliyyətinin normal məcraya salınması kimi ciddi tədbirlərin görülməsində deputat-rəhbər Muxtar Babayevin o qədər də maraqlı olmadığı qənaətini ortaya qoyur. /GunBakı/