“Banklara etibar yoxdur, əmanətlərinizi çıxarın, sonra deməyin ki, sizi xəbərdar etməmişdilər”.
17-08-2015, 13:01
“Avqust ayının yarıdan çoxu ötüb, amma Mərkəzi Bank hələ də iyun ayı üçün bank sektoru üzrə statistik məlumatları açıqlamayıb”.
Modern.az saytı xəbər verir ki, maliyyə sahəsi üzrə ekspert, IJS hüquq firmasının direktoru, vəkil Əkrəm Həsənov hesab edir ki, bu, misli görünməyən haldır:
“Neçə ildir ki, Mərkəzi Bank bu statistikanı ayın əvvəlində öz saytında yerləşdirirdi. Lakin hazırda saytda yalnız may ayınadək statistika yerləşdirilib. Xatırladıram ki, həmin məlumata görə, əmanətçilər banklardan mart ayı ərzində 151, aprel ayında 64, may ayında isə 116 milyon manatdan artıq əmanət çıxarıblar. Mərkəzi Bankın heç bu məlumatına onsuz da tam etibar yox idi (ən azı ona görə ki, sözügedən məlumatı əldə etdikdən 3 həftə sonra dərc edirdi, başqa sözlə, ona “əl gəzdirmək” imkanına malik idi) və vəziyyətin daha da pis olduğunu düşünməyə əsas var idi”.
Ekspertin sözlərinə görə, məlumatın, ümumiyyətlə, gizlədilməsi vəziyyətin olduqca ağır olduğuna dəlalət edir:
“Bankların bir-bir çökdüyü anda və Mərkəzi Bankın nə öz qərarlarını, nə də bank sistemindəki vəziyyəti şərh etməməsi şəraitində statistikanın da gizlədilməsi bank sektorunun çox ağır durumda olduğundan xəbər verir. Bu isə o deməkdir ki, banklara etibar daha da azalacaq və əmanətlərin çıxarılması prosesi xeyli sürətlənəcək. İstənilən bank sistemi maliyyə piramidasıdır və etimad əsasında fəaliyyət göstərir.
Bu etimadın sütunu Mərkəzi Bankdır. Mərkəzi Bankın hərəkətləri və hərəkətsizlikləri, bir növ əhaliyə mesajdır (məsələn, “qara fevral”dan bir neçə gün öncə Mərkəzi Bank “yumşaq” devalvasiya mesajı vermişdi və bəziləri bu mesajın həqiqi mənasını düz başa düşüb dollar almağa başlamışdılar, lakin əksəriyyət o zaman düz başa düşməmişdi) və bu etimadı artıra və azalda bilər”.
Əkrəm Həsənov bildirib ki, statistikanın gizilədilməsi mənfi mesajdır: “Bununla Mərkəzi Bank sanki deyir: “Banklara etibar yoxdur, əmanətlərinizi çıxarın, sonra deməyin ki, sizi xəbərdar etməmişdilər”.
Əlbəttə, ola bilər ki, mən yanılıram. Lakin bu halda belə çıxır ki, Mərkəzi Bankda naşı və səriştəsiz adamlar işləyir, hərəkətləri və hərəkətsizliklərinin törədə biləcək nəticələri hesablaya bilmirlər..”.