“Akkord” şirkəti Beynəlxalq Banka 1,3 milyard manat borcludur
20-08-2015, 16:03
Azərbaycan Beynəlxalq Bankına ən çox borcu olan qurum “Akkord” tikinti şirkətidir.
Beynəlxalq Bankdakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, tikinti şirkətinin banka olan məcmu borcu 1,3 milyard manat təşkil edir.
Virtualaz.org saytı bu məsələ ilə bağlı hal-hazırda jurnalist təhqiqatı aparır. Oxuculara bu problemin təfərrüatları haqda yaxın zamanlarda müfəssəl məlumat veriləcək.
Xatırladaq ki, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi (“Bandotdel”) bir neçə ay əvvəl ölkənin onlarla aparıcı iş adamını saxlamışdı. Bütün biznesmenlər Beynəlxalq Bankdan kredit kimi götürülən pulları israf etməkdə günahlandırılırdı.
Bankın özündə isə ümumi həcmi bir neçə milyard manata çatan problemli kreditlər ucbatından likvidlik problemləri başlamışdı.
Qeyd edək ki, tikinti nəhəngi olan “Akkord” uzun illərdir Azərbaycanda iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Korporasiya hətta xaricdə də bir neçə tenderi udmağa nail olub.