“Nə danışaq, guya nə dəyişəcək?” - VİDEOGİLEY
1-02-2018, 17:52

“Bizə yuxarıdan aşağı baxırlar, elə bil süpürgəçilər insan deyil, onlara Allah can verməyib”.
Müsahibimiz belə deyir…
Sübh tezdən işə başlayırlar, sübh tezdən. Hava yeni-yeni açılmağa başlayarkən onlar “çörək ağacı”nı götürüb işlərinin başına keçirlər. O saatda çoxumuz yuxuda oluruq, onlar isə bizim keçdiyimiz küçələri biz oyanmadan təmizləyirlər.
İlk əvvəl bizi görüb danışmaq istəmirlər:
“Nə danışaq, guya nə dəyişəcək?”.
Bir az təkiddən sonra ürəkləri açılır:
“İşimiz səhər saat 07:00-da başlayır. Daha çox magistral yolları süpürürük. O yollar daha təhlükəlidir. O biri tərəfini təmizləmək üçün yolu keçmək lazım gəlir. Bir Allah bilir hər gün biz nə hisslər keçiririk. Hər dəfə yolu keçəndə kəlmeyi şəhadətimi deyirəm”.
-Yolu keçmək istədiyinizdə maşınlar saxlamır?
-Yox ay qızım, nə saxlamaq. Bizi insan hesab edən var? Qanımızı ağzımıza alıb birtəhər keçirik.
-Belə küçələrdə zibillərə çox rast gəlirik. İnsanların zibili yerə atdıqlarını tez-tez görürük. Yəqin ki, magistral yollarda vəziyyət adi küçələrdən yaxşıdır.
-Heç fərqi yoxdur. Əksinə, magistral yollarda daha çox edirlər. Maşının şüşəsini açır atır zibili yola. Hələ evdən götürdüyü zibil paketlərini yolun kənarına atıb gedənləri demirik. Maşını saxlayıb yolun kənarında ədəb-ərkanla zibil paketini qoyub çıxıb gedirlər.
-Belə hallarla qarşılaşanda etiraz etmirsiniz?
-Edirik, amma sözümüzü dinləyən kimdir? Deyirsən, ay oğul, ay qardaş niyə küçəyə atırsan zibili, zibil qabına at. Deyir, işinin adı nədi təmizlə. Buna görə sənə maaş verirlər.
Əmək sərf edirlər, amma aldıqları məvacib sərf etdikləri əməyi ödəyəcək qədər deyil:
“Heç kimə deyə bilmirsən ki, mən küçələri süpürmək üçün maaş alıram, sizin atdıqlarınızı təmizləmək üçün yox. Həm biz nə maaş alırıq ki, bir işimizi iki edirlər? Aldığımız maaşdan xəbərləri var?”
-Nə qədər maaş alırsınız?
-180 manat alanımız da var, 200 manat da.
-Bu maaşla ailə dolandırmaq olar?
-Çoxumuz kirayədə yaşayırıq. Evimiz yoxdur. Evdə xəstəsi olanınımız da var, ailənin tək gəlir yeri olanımız da. 200 manatı neçə yerə bölək? Yol pulu veririk, işdə ac qalmamaq üçün yeməyi evdən gətiririk. Kirayə haqqı var, komunalı var. Ərzaqlar günü-gündən bahalaşır. Evdə bir külfət ailə. Hamı da gözünü tikib bu 200 manata. Bu süpürgəçiləri onsuz adam yerinə qoymur camaat. Heç olmasa bir normal maaş verələr. Ailəmizi dolandıraq.
-Belə başa düşdüm ki, insanlarımızdan çox inciksiniz. Buna təəssüfləndim.
-İnciməkdən keçib daha. Biz pis bir iş görmürük ki, aşağıdan yuxarı baxırlar. Halal zəhmətimizlə qazanırıq. Əmək sərf edirik. Hər gün o yolları süpürmək bilirsiniz necə əziyyətlidir? Hələ üstəlik gördüyün işin haqqı 200 manatdırsa.
-Dediniz, hər gün təmizləyirsiniz. Yollar növbəti gün yenə zibilli olur?
-İki saat qızım, iki saat sonra yenə eyni mənzərə yaranır. Süpürüb keçirsən o biri tərəfə, qayıdanda görürsən yenə zibil atıblar. Ən çox da kamaz sürücüləri. O kamazların əlindən cana yığılmışıq. Sürücüləri bir zibilliyir, kamazın özündə olan qum, toz, çınqıl daş da bir yandan bezdirib. Hər gün nə qədər qum süpürmək olar?
-İşiniz saat neçədə bitir?
-Saat günorta 15:00-da. Sonra ikinci növbənin işçiləri işə başlayır. Onlar da axşama kimi işləyirlər. İmərclik olanda gecə 12-ə kimi işlədiyimiz belə olub.
Ofisləri adi dəmir butkadır. Çay içmək, bir az fasilə vermək üçün bu dəmir butkaya yığışırlar:
“Özünüz gördünüz də, bu dəmir butkada otururuq fasilə vaxtı. Ayaqyolu yoxdur. Məcbur qamışlığa gedirik(gülüşürlər).
-Şəraitsiz, əlverişsiz yerdə fasilə etmək də zəhmət tələb edir, belə başa düşdüm.
-Belədi də, qızım. Bizim də komfortlu həyatımız budur. Ehtiyacdan burdayıq. Əziyyət çəkirik, amma əziyyətimizə dəyər verilsin istəyirik. Həm maaşlarımız artsın, həm də insanların bizə münasibəti dəyişsin. Bizi görəndə gülərüzlə danışsınlar. İşimizi artırmasınlar. Əziyyətimizə hörmət etsinlər, zibili yerə atmasınlar.