“7 Hills” şirkəti qapıları açdı... - müştərilər ofisə axın etdi

24-08-2015, 17:24           
 “7 Hills” şirkəti qapıları açdı... - müştərilər ofisə axın etdi

“7 Hills” şirkəti qapıları açdı...
Bakının Heydər Əliyev prospekti ilə Babək prospekti arasındakı ərazidə, Keşlədəki keçmiş beton zavodunun yerində nəhəng yaşayış kompleksi inşa etməyi vəd edən, ancaq Beynəlxalq Bank ətrafında yaranmış vəziyyətə görə tikintiyə başlaya bilməyən “7Hills” şirkəti bir neçə günlük fasilədən sonra ofisinin qapılarını açıb.

Virtualaz.org saytı xəbər verir ki, şirkətin “Globus Plaza”da yerləşən ofisi bu gün fəaliyyətini bərpa edib və qapılar açılan kimi müştərilər ofisə axın edib. Hazırda şirkətin ofisi qarşısında ajiotaj hökm sürür. Müştərilərdən daxil olan məlumata görə hazırda ofisin qarşısında 100-dən çox adam toplaşıb və onlar şirkətdən ya pullarını qaytarmağı, ya tikintiyə başlamağı tələb edirlər. Müştərilər hələ heç bünövrəsi də qazılmayan yaşayış kompleksindən onlara ev satan (təbii ki, kağız üzərində) şirkəti onları aldatmaqda, yalan vədlər verməkdə günahlandırır.

Xatırladaq ki, “7Hills” şirkətinin “Globus Plaza”nın sahibi, keçmiş deputat və oliqarx, Beynəlxalq Banka yüz milyonlarla dollar kredit borcu olan Dünyamin Xəlilova və onun ortağı Xaqani Bəşirova məxsus olduğu barədə məlumatlar var. Şirkət ötən ilin dekabrında Beynəlxalq Bankın ipoteka kreditləri hesabına Bakının mərkəzi hissəsində orijinal arxitekturaya malik yaşayış kompleksinin tikintisi layihəsini elan edib və geniş reklam kampaniyası başladaraq müştərilər cəlb edə bilib.

Lakin çox keçmədən Beynəlxalq Bank ətrafında məlum proseslər başlayıb və oliqarxlar dövlət bankının daha bir iri krediti hesabına öz biznes layihələrini başlaya bilməyiblər. Müştərilər isə tikinti işlərinin başlamamasından narahat olaraq şirkəti onları aldatmaqda günahlandırır və pullarını geri tələb edir.

“7Hills” şirkətinin marketinq meneceri Nərmin Quliyeva virtualaz.org saytına hazırda ofisə onlarla müştərinin müraciət etdiyini təsdiqləyib. Menecerin sözlərinə görə, müştərilər KİV-lərdə çıxan xəbərlərdən narahat olaraq kütləvi şəkildə ofisə müraciət ediblər. Ancaq N.Quliyeva onların pullarını geri tələb etdiklərini təsdiqləməyib. “Sadəcə olaraq maraqlanırlar ki, tikinti nə vaxt başlayacaq, layihənin aqibəti necə olacaq. Müştərilər pullarını geri almaq üçün əvvəlcə imtina ərizəsi ilə müraciət etməlidir. Doğrudur, pullarını geri almaq üçün imtina ərizəsi yazanlar da var. Onların pulları səhmdarların öz vəsaitləri hesabına qaytarılır”-menecer bildirib.

N.Quliyevanın sözlərinə görə, indiyə qədər 10-a qədər müştərinin pulları tam və ya qismən qaytarılıb. Ödənişi çox olanların pulları hissə-hissə qaytarılır, daha az məbləğlərdən söhbət gedəndə isə pullar birdəfəlik ödənilir. “Biz müşərilərdən müraciətləri qəbul etməkdə davam edəcəyik. Şübhəsiz ki, əgər müştəri ev almaq üçün pul ödəyibsə və indi fikrini dəyişib pullarını geri tələb edirsə hamının pulunu birdən qaytarmaq mümkün deyil. Müraciətlər qəbul edilir, araşdırılır, dərhal pul qaytarmaq texniki baxımdan da mümkün olmaz”-N.Quliyeva deyib.

Redaksiyamıza müraciət edən bəzi müştərilərin bildirdiyinə görə, şirkət pulları qaytarmaq üçün şərt irəli sürür-ilkin ödənişdən 10 faizinin və bank xərclərinin çıxılacağını bildirir. Lakin şirkətin meneceri bu məlumatları təsdiq etmir. Onun bildirdiyinə görə, müştərinin fikrini dəyişməsi halında ilkin ödənişdən 10 faizin tutulması şərti müqavilədə var. Ancaq tikinti işləri başlamadığı üçün həmin şərt tətbiq edilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.