“Moyka” və maşın təmiri sexlərində yoxlamalar başlayır
25-08-2015, 12:24
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti sentyabrdan idarə və müəssisələrdə nəzarəti gücləndirəcək.
Bu barədə xidmətin rəisi Fuad Əlizadə açıqlama verib.
F.Əlizadə deyib ki, sentybr Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan edilib. Artıq ay ərzində görüləcək işlərin tədbirlər planı təsdiqlənib: “Həyata keçirilən dövlət nəzarətinin nəticələrinə əsasən əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi normalarının daha çox pozulduğu iş sahələri sırasında avtomobillərə texniki xidmət və avtoyuma məntəqələri də var. Tədbirlər Planına uyğun olaraq, gələn ay sosial partnyorların və əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə belə müəssisələrdə və istehsalat qəzası riski yüksək olan digər sahələrdə əmək qanunvericiliyinə əməl olunması vəziyyəti yerindəcə araşdırılacaq.
Həmin iş yerlərində əməyin mühafizəsi və ümumən əmək münasibətləri sahəsində aşkar edilən nöqsanların, həmçinin işçilərin əmək müqaviləsi bağlanmadan və elektron informasiya sistemində qeydiyyatdan keçirilmədən, qeyri-leqal formada əmək fəaliyyətinə cəlb olunması hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, bu ilin birinci yarımilində əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz, həmçinin istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 42,1 faiz, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 2 dəfə, xəsarət alanların sayı isə 48,8 faiz azalıb.