“O şirkətin rəhbəri mənim qardaşımdı” – Abid Şərifov
26-08-2015, 19:28
Abid Şərifov Qazaxıstanda problemlə üzləşən 180 azərbaycanlı fəhlənin taleyindən danışdı
Qazaxıstanın Almatı Vilayət Məhkəməsi azərbaycanlı fəhlələrin həbsinə başladığı haqda xəbər vermişdik. “Abid Şərifovun şirkətində müdhiş fırıldaq: həbslər var...” sərlövhəli yazı məhkəmə ilə üz-üzə qalan fəhlələrdən birinin qəzetimizə verdiyi məlumat əsasında hazırlanmışdı. Bildirilirdi ki, fəhlələri Almatıya baş nazirin müavini Abid Şərifova bağlılığı olan “EVRASCON” ASC-nin xətti ilə aparılıblar. Yazı hazırlanarkən A.Şərifovun özündən məsələyə münasibət öyrənə bilməmişdik deyə bu günlər ərzində onu arayırdıq. Nəhayət ki, A.Şərifovdan məsələ ilə bağlı musavat.com olaraq açıqlama ala bildik.
“Əgər belə bir hal olsaydı, mən bundan xəbər tutardım. Bizdə də belə hallar olur. Dövlət Miqrasiya Xidmətindən sənəd alınmır və problemlər yaranır. Əgər belə hal Qazaxıstanda olubsa, deməli, orada olan idarənin rəhbərinin səhvidir. Elə də problemli məsələ deyil. Mən bilən “EVRASCON” Qazaxıstanda işləmir. Vaxtilə orada işləyiblər. Moldovada, Özbəkistanda, Moskvada işlədiklərindən məlumatım var” - deyə A.Şərifov bildirdi.
Və digər telefonla “EVRASCON” ASC-nin Direktorlar Şurasının sədri İsmiyev İsmayıl - Əfəndi Hacımurad oğlu ilə əlaqə saxladı. Ondan Qazaxıstanda işləyib-işləmədiklərini xəbər aldı və məlum oldu ki, şirkət Qazaxıstanda yol çəkir.
A.Şərifov ona ünvanladığımız 180 azərbaycanlı fəhlənin taleyi ilə bağlı sualı Direktorlar Şurasının sədrinə çatdırdı. Sonuncu isə nazir müavininə belə bir halın olmadığını dedi.
A.Şərifov “Belə bir hal yoxdur, yalan söhbətdir, cəfəngiyatdır. Bu adam şirkətin rəhbəridir, hər şeyi bilməlidir və bilir də. Bu şirkət 1000-dən çox fəhlə işlədir, azərbaycanlıları xaricə aparıb işlə təmin edir. Təsəvvür edirsiz, 1000-dən çox fəhləni. Bu şirkətin rəhbəri mənim qardaşımdı” - söylədi.
Baş nazirin müavini bununla belə məsələ ilə maraqlanacağını da açıqladı.
Azərbaycanlı fəhlələrin Almatı məhkəməsi ilə üz-üzə qalması haqda məlumatı “Yeni Müsavat”a bilavasitə Qazaxıstanda olan fəhlələrdən biri verdiyindən səhihliyinə redaksiyada hər hansı bir şübhə yoxdur. Həmin fəhlə bildirib ki, şirkətin Qazaxıstanın Almatı vilayətində tikinti işlərinin görülməsi üçün müqaviləsi olub. Almatıda görüləcək işləri həyata keçirmək üçün Bakıdan 180 nəfər azərbaycanlı fəhlə şirkət tərəfindən Qazaxıstana göndərilib. 4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Miqrasiya Xidməti ilə problemlər yaşamayıblar. Ayda 2 dəfə olmaqla qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstana qayıdıblar, işlərini görüb ailələrinə çörəkpulu yollayıblar.
Fəhlə bildirib ki, 4 aydan sonra ölkənin Miqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstana qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sərt addımlar atmağa başlayıb. Hər gün 10 nəfər olmaqla azərbaycanlı fəhlələri Almatı Vilayət Məhkəməsinə aparıb Qazaxıstan ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiklərinə görə 1-2 sutka həbsə alırlar. Məsələ bu şəkil alandan sonra aydın olub ki, azərbaycanlı fəhlələrin bu dövlətin ərazisində işləmələri üçün icazə vərəqəsinin alınmasına pul ayrılsa da, mənimsənilib. “EVRASCON” ASC-nin daxilində baş vermiş mənimsəmə azərbaycanlı fəhlələrə baha başa gəlib - onlar vaxtaşırı saxlanılırlar.