Hacıqabulda Türk şəhidliyinin lövhələri sökülüb?

30-05-2018, 16:30           
Hacıqabulda Türk şəhidliyinin lövhələri sökülüb?
Hacıqabul rayonunun mərkəzində inşa edilmiş Türk şəhidliyinin lövhələri sökülüb.

teref.az xəbər verir ki, bu barədə musavat.com-a Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 1918-ci ildə Türkiyədən Azərbaycana, daha sonra isə Bakıya gələrək Azərbaycan xalqını erməni-bolşevik zülmündən qurtaran Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin şərəfinə inşa edilmiş Türk Şəhidliyinin lövhələri sökülüb.

Hadisənin nəyə görə, hansı səbəbdən baş verdiyi üzrə araşdırmalar aparılır.

Qeyd edək ki, Hacıqabul rayonunda Türk şəhidliyi 2017-ci ilin 31 mart tarixində açılıb. Həmin zaman Qubalı-Baloğlan kəndində səfirlik tərəfindən qəbirlərin üzərində ucaldılan abidənin açılışına Türkiyənin Azərbaycan səfir Erkan Ozoral, hərbi ataşe general Zəfər Ocak, Hacıqabul icra başçısı Əhməd Muxtarov, səfirlik işçiləri və kənd sakinləri qatılıb.

Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla birgə döyüşən 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri - həmin dövrün şahidi olmuş Hənifə Mövlayev, adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib.

Məsələ ilə bağlı dəqiq məlumat əldə etmək üçün Hacıqabul Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon icra başçısının birinci müavini Əslan Səmədov musavat.com-a bildirdi ki, yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bu barədə bizə heç bir məlumat daxil olmayıb. Sosial şəbəkələrdə yayılan bu məlumatlar tamamilə yalandır. Həmin kənddə çox gözəl abidə ucaldılıb və daima da diqqət mərkəzindədir, qorunur. İstəsəniz gələrsiniz, sizi də aparıb, həmin abidə ilə tanış edərik. Şəhidləri birlikdə ziyarət edərik. Lövhələrin dağıdılması və digər bu kimi hallar baş verə bilməz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru