Bitcoin bazarında təlatüm: “Köpük” partladı
30-05-2018, 23:03

Bitcoinin dəyəri bu həftə psixoloji hədd olan 6 min dollardan aşağı düşə bilər.
“CoinMarketCap” portalının yaydığı rəqəmlərə əsasən mayın 27-dəki ticarət əməliyyatlarında bitcoinin qiyməti 2,64 faiz azalaraq 7,334 min dollara enib. “Bitfinex” birjasında isə kriptolvalyutanın dəyəri 4,04 faiz azalaraq 7,302 dollar təşkil edib. Kapitalizasiyasına görə ikinci olan rəqibi Etherium isə, 3 faizə yaxın ucuzlaşıb. Hazırda onun qiyməti 519 dollar təşkil edir.
Ekspertlərin fikrincə, ticarət əməliyyatlarının cari dinamikası və bazardakı ümumi şərait nəticəsində bitcoin 6 min dollardan aşağı həddədək ucuzlaşa bilər. Proqnozlara görə, mayın 28-dən iyunun 3-dək kriptovalyutanın dəyərinin azalacağı gözlənilir. 7 min dollar səviyyəsi əsas göstərici sayılır. Həftənin bazar ertəsi və ya çərşənbə axşamı günü əgər bitcoin öz dəyərini saxlamasa, onun qiyməti 5,55 min dollaradək ucuzlaşmaqda davam edəcək. Kriptovalyutanın göstəricilərinin mənfi olduğuna diqqət çəkən analitiklər bitcoinin 6 min dollaradək ucuzlaşma ehtimalının yüksək dəyərləndirilər.
Qeyd edək ki, 2009-cu ilin yanvarından etibarən dövriyyəyə buraxılmağa başlayan bitcoinin 2010-cu ilin iyul ayında dəyəri cəmi 8 sent idi. Hazırda dünyanın aparıcı kriptovalyutası satılan bitcoinin qiyməti 1,5 faiz azalaraq 7 100 ABŞ dollarına düşüb.
Maraqlıdır, birdən-birə məşhurlaşan bitcoinin dəyərinin 6 min dollara qədər ucuzlaşmasına səbəb nədir? Bitcoinin dəyərdən düşməsi narahatlıq doğururmu? Ümumiyyətlə, 6 min dollara qədər ucuzlaşan bir valyutaya etibar etmək olarmı?
İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, bütövlükdə kriptovalyuta bazarında eniş hələ davam etməkdədir: “Hazırda bitcoin təxminən 6.000-7.300 dollar arasında satılır, hansı ki, bir neçə həftə əvvəl 10.000 dollar səviyyəsində idi. Bundan sonra da bazarda satıcıların mütləq üstünlüyü qiymətlərdə enmə olacağı ehtimalını yüksəldir. Bir neçə gün ərzində 30 faiz və ya daha çox eniş ola bilər. Xüsusilə, müxtəlif ölkələrdə kriptovalyutaların dövlət tərəfindən tənzimlənməsinin ardınca, dəyərdə kəskin dəyişmə hələ çox yaşanacaq. Ancaq artımın yaxın gələcəkdə 20.000 dollardan çox olacağını düşünmürəm. Hazırda kriptovalyutaların ümumi kapitalizasiyası 321 milyard dollar təşkil edir. Deyərdim ki, kriptovalyutaların dəyərindəki hazırkı ucuzlaşma gözlənilən idi. Şirkətlərin səhmlərindən, neft və ya qızıl kimi aktivlərdən fərqli olaraq, rəqəmsal valyutaların bildiyiniz kimi real qiymət göstəriciləri yoxdur. Kriptovalyutalarda hər şey daha sadədir, təmiz tələb və təklif kursu müəyyənləşdirir”.
Ekspert hesab edir ki, hazırkı kəskin ucuzlaşmaya 3 əsas faktor səbəb olub: “İlk olaraq ölkələr və institusional təşkilatlar tərəfindən tətbiq edilən məhdudiyyətləri göstərmək olar. Hazırda Çin ölkədə bitcoinlərin mayninqini və xarici kriptovalyuta birjalarının fəaliyyətini qadağan edib. Çin maynerlərinin Kanada başda olmaqla digər ölkələrə axını yaşanır. Məhz onlar əsasən dəyərin süni şəkildə artırılması ilə məşğul olurdular. Bundan əlavə, Amerika və Britaniya bankları (Bank of America, JPMorgan, Citigroup, Lloyds Banking Group və s.) kriptovalyutaların kredit kartları vasitəsilə alışına qadağa qoyublar. Banklar, kursdakı kəskin dəyişmənin müştərinin əleyhinə ola biləcəyini və onların banka olan borclarını ödəyə bilməyəcəklərini əsas gətirirlər.
İkinci faktor bazarın spekulyantlar tərəfindən idarə olunmasıdır. Zamanla yeni-yeni investorların bu sahəyə axını bitcoinin dəyərinin kəskin şişirdilməsi ilə nəticələndi. Xüsusilə, 2013-2014-cü illərdə bitcoinin dəyərinin 12.000 dollara, 2017-ci ilin sonlarına doğru isə 20.000 dollara yüksəlməsi fonunda bu daha aydın görünür. Bəlkə də belə bir kəskin çöküşün əsas səbəbi kriptovalyuta bazarını şişirdən spekulyativ köpük idi ki, bir anda partladı. Təbii ki, bu cür sürətli artım uzun müddət davam edə bilməzdi, gec-tez bazarın soyumasına gətirib çıxarmalı idi.
Sonuncu faktor isə, kriptovalyutaların sayının başlanğıcda planlaşdırıldığından daha çox olması ilə əlaqəli ola bilər”.
Vüsalə Əhmədovanın qənaətinə görə, bu cür dalğalanmalar kriptovalyuta bazarının yetkinləşməsinədək hələ bir neçə il davam edəcək: “Vacib olan odur ki, bu cür enişlər kriptovalyuta bazarının mövcudiyyətini və blockchain texnologiyası perspektivlərini sual altında qoymasın. Hazırda bəzi kriptovalyutalar köpük kimidir. Uzun müddətli perspektiv üçün qiymət hərəkəti ilə bağlı müəyyən proqnozlar vermək hələ tezdir. Fırtınanın səngiməsi üçün hələ bir neçə həftə vaxt tələb olunur. Əgər hökumətlər kriptovalyutalarla bağlı radikal addımlar atmazlarsa, qiymətlər stabilləşə bilər”.