Bakının Nizami rayon Mühafizə İdarəsinin rəisi təkzib etdi
31-05-2018, 13:28

“Təzadlar” qəzetinin rəsmi saytının dünənki buraxılışında Bakının Nizami rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Elşən Camalovla bağlı yayımlanmış yazı qarşı tərəfin ciddi narazılığına səbəb olmuşdur.
Nizami rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Elşən Camalovun qəzetin elektron poçtuna göndərilən etiraz məktubunu “KİV haqqında” Qanunun tələblərini nəzərə alaraq aşağıda olduğu kimi təqdim edirik:
“ “Təzadlar.az“ saytında barəmdə yazılan əsassız yazını oxudum. Çox təəssüf edirəm ki, “KİV haqqında“ Qanunun tələblərinə məhəl qoymadan yazılan bu yazıda ünvanıma olduqca ağır ittihamlar səsləndirilib. Mən, bu məsələni hüquqi müstəvidə araşdırılması üçün öz konstitusion hüququmdan istifadə etməklə məhkəməyə müraciət edə bilərdim. Lakin qərara gəldim ki, əvvəlcə özüm yazılı şəkildə sayta etirazımı bildirəm.
İlk olaraq sual edirəm: qərəzli şəkildə barəmdə yazırsınızsa mənim atamın və ya digər qohumlarımın bu işə nə aidiyyatı var? Atam Cənab Prezidentimizin Sərəncamı ilə tamam başqa bir sahədə nazir vəzifəsində dövlətə xidmət edir. Mən isə uzun illərdir ki, daxili işlər orqanlarında xidmət edirəm. Xidmətimə, fəaliyyətimə də qiyməti Daxili İşlər Nazirliyi və rəhbərlik etdiyim idarənin tabe olduğu Baş Mühafizə İdarəsi verir. Bu gün Respublikamızın hər yerində fəaliyyət göstərən özəl və dövlət obyektlərinin əksəriyyəti qanunla müəyyən edilmiş qaydada, müqavilə əsasında Baş Mühafizə İdarəsi və onun ərazi qurumlarının əməkdaşları tərəfindən mühafizəyə götürülüb. Yəni nəinki bir qrup polis əməkdaşını, heç bir nəfəri belə kimsə müqaviləsiz və ya qanunsuz aparıb öz obyektində işlədə biməz. Bu olduqca gülünc bir iddiadır. Belə hal nəinki paytaxtda, respublikanın ən ucqar dağ kəndində belə ola bilməz. DİN və onun aidiyyatı qurumları hər bir idarənin, şöbənin, bölmənin, hətta hər bir əməkdaşın gündəlik fəaliyyətinə fasiləsiz nəzarət edir.
O ki, qaldı, hansısa restoranda dava –dalaş düşməsinə, gecə saatlarında yüksək səs-küy salınaraq ətrafdakıları narahat etmələrinə, bəli, belə hal ola bilər. Bu zaman sakinlər Təzadlar.az saytına deyil, dərhal DİN-in “102” Zəng – Mərkəzinə, ya da ərazi polis orqanlarına müraciət etməlidirlər. Vətəndaşın belə müraciəti olarsa,obyekt sahibinin kimliyindən asılı olmayaraq müvafiq polis orqanının əməkdaşları dərhal deyilən ünvana gələcək və araşdırmalar aparacaq.
“Montenapaleone” restoranın mənim mülkiyyətimdə olmasına gəlincə, bu tamamilə yalnış iddiadır.
Odur ki, mən Sizi bir daha “KİV haqqında” Qanunun tələblərinə riayət etməyə çağırıram. Əks təqdirdə öz hüquqlarımdan istifadə edərək məhkəməyə müraciət edəcəm.
Elşən Camalov, Nizami Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki”.