Heydər Əsədovun işçisinin canavar sevgisi... - Göyçayın baytarı nədən canavarın əməlini ört-basdır edir?
29-09-2015, 10:16
Göyçay rayonunun Ərəbcəbirli kəndindən Yusifov Seyfəddin Əli oğlu rayonun Baytarlıq İdarəsindən DİA.AZ-a şikayət məktubu göndərib.
Şikayətçi məktubunda bildirir ki, iyulun 27 - də canavar iribuynuzlu mal - qara saxladığı arxaca girərək iki inəyini yaralayıb və bu zaman arxacda olan 12 baş iribuynuzlu mal - qara böyürüb canavara hücum edərək buynuzlarıyla onu öldürüblər.
Səhərisi günü tezdən Göyçay Baytarlıq İdarəsinə haraya gedən Seyfəddin Yusifov geri qayıdanda yaralanan iki inəyinin tələf olduğöunu görüb tam əmin olur ki, onlar aldıqları yaradan deyil, quduzluqdan ölüblər. Amma o bunu əraziyə gələn baytarlıq əməkdaşlarına sübut edə bilməyib. Daha doğrusu, Baytarlıq İdarəsindən gələnlər daş atıb başlarını tutublar ki, heyvanlar quduzluqdan deyil, qızdırmadan tələf olublar. Maraqlıdır ki, elə onlar yazdıqları ölüm aktında da iki inəyin ölümünü qızdırmanın nəticəsi olaraq sənədləşdiriblər.
Diqqətçəkən bir məqam da ondan ibarətdir ki, tələf olan hər iki inəyin ardınca bir həftə ərzində canavar hücumuna məruz qalan arxacdakı bütün mal-qara tələf olub. Bundan sonra Göyçay rayon Baytarlıq İdarəsi Seyfəddin Yusifovu müxtəlif bəhanələrlə dilə tutmağa çalışaraq məsələnin yuxarılara çatmaması üçün minnətçi düşüblər. Amma o bununla razılaşmayıb və Kənd Təsərrüfatı Nazirliyinə bir neçə dəfə teleqram və şikayət məktubu göndərib. Amma kimsədən səs-soraq gəlməyib və beləcə ona dəymiş zərərə görə hətta sözlə təsəlli verən də olmayıb.
İndi S. Yusifov bizdən həmin teleqramların, məktubların sonrakı aqibəti barədə məlumat öyrənməyimizi xahiş edir və dia.az vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinə, nazirliyin nəzdindəki Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rayona komissiya göndərilməsi və baş verən hadisənin araşdırılaraq müvafiq tədbirlər görülməsini tələb edir.