Cəlilabad TSEK-də ağır xəstədən rüşvət istənilib - ŞİKAYƏT

29-09-2015, 10:26           
Cəlilabad TSEK-də ağır xəstədən rüşvət istənilib - ŞİKAYƏT
Cəlilabad sakini TİA.AZ-a şikayət məktubu göndərib. Rayonu Qarazəncir kəndindən olan Akif Qasımov Məmməd oğlu Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) narazılıq edib.

Onun sözlərinə görə, 10 ildir böyrəklərimin polikistozu xəstəliyindən əziyyət çəkir. Kənd sakini qeyd edib ki, fəhləlik etməkdən böyrəkləri 12 santimetr uzanıb.
Vətəndaş müxtəlif xəstəxanalarda müalicə alıb. Dediyinə görə, ailə vəziyyəti olduqca ağırdır: “Bizi Böyük Vətən Müharibəsi veteranı olan qoca atam saxlayırdı. O rəhmətə getdi. Anam sovet vaxtı “Əmək veteranı” və “Qəhrəman ana” adı almış 1-ci qrup əlildir, onun aldığı pensiyanın ümidinə qalmışıq”.
A.Qasmov qeyd edib ki, xəstəlik sənədlərini toplayıb 30 saylı TSEK-ə təqdim edib: “ TSEK-ə rəhbərlik edən Allahverən Şirinov məni qəbul etdi. Mənimlə söhbətdə o açıq-aşkar dedi ki, pensiyaya çıxmağın indi qiyməti 5 min manatdır. Əgər 2 min 500 manat versən, sənə əlillik pensiyası təyin edərik. Mən etirazımı bildirdim, həqiqi xəstə olduğumu dedim. O dedi ki, belə həqiqi xəstələrdən çox var, mən sənə əlillik pensiyası təyin edən deyiləm”.
Şikayətçi əlavə edib: “Mən onun qəbulunda olarkən rayonun tanınmış dəllallarından biri içəri daxil oldu, əlindəki beş sənədi onun qabağına qoyub “Haqq-hesab çatıb” dedi. Allahverən beş sənədin beşinin də üstünü sakitcə yazdı. Mən dedim ki, bəs mənim sənədimi niyə yazmırsız, haqq-hesab vermədiyimə görə?
Dedi, bəli, get hara deyirsən de, haqq-hesab çatmayınca sənə əlillik qrupu yazmayacağam. Xahiş edirəm ki, bu qanunsuzluğa hüquqi qiymət verəsiniz və Cəlilabadda rüşvətxorluq yuvası yaratmış Allahverən Şirinov haqda ölçü götürəsiniz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.