“Sizcə, seçkilərdə iştirak edimmi?”

19-12-2019, 09:33           
“Sizcə, seçkilərdə iştirak edimmi?”
“Müğənnilər, artistlər düşüblər ortalığa ki, deputat olmalıyıq. Milli Məclis sizin üçün səhnədir?!” Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin “Yeni Müsavat”a verdiyi bu açıqlama xeyli müzakirələrə səbəb olub. Ə.Əliyev müğənnilərin, aktyorların deputat olmaq istəyinə qarşı çıxaraq bildirib ki, “Milli Məclis səhnə deyil”.
Maraqlıdır ki, sənətçilərin deputat olmaq istəyinə qarşı çıxanlardan biri də müğənni Əli Mirəliyev olub. Müğənni həmkarlarını sərt tənqid edib. Onun sözlərinə görə, müğənni deputatlığa namizədliyini verə bilməz:
“Oxumaq hara, deputatlıq hara? Ayıbdır axı... Deputatlığa namizədliyimi vermərəm, ona görə ki, müğənniyəm. Hərə gərək öz işini bilsin. Mən necə deputatlığa namizədliyimi verim ki, müğənniyəm? Əgər məni deputat kimi görürlərsə, onda özləri bilərlər. Deputat olanda, gərək çox sahələri biləsən. Baxın, hazırda yanımda maşınımın təmiri ilə məşğul olan usta var. O, sahəsinin gözəl bilicisidir. Neçə vaxtdır ki, onun qəbuluna düşə bilmirəm. İndi bu ”slesar" sabah gedib deputat olsun? Düz gəlmir axı... Amma mədəniyyət sahəsi mənlikdir. Çünki bizim nazirlik musiqi işlərini bilmir. Mən isə bilirəm".
Xatırladaq ki, 2020-ci ilin 9 fevral tarixində ölkədə növbədənkənar parlament seçkiləri seçiləcək. Artıq bir neçə müğənni və aktrisa, teleaparıcılar bu seçkidə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Məsələn, əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan seçki ilə bağlı məlumatlar yer alar-almaz, namizədliyini irəli sürəcəyini açıqlamışdı. Xatırladaq ki, sənətçi 2015-ci ildə parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüşdü. Var gücü ilə deputat olmağa çalışan Elza Seyidcahan sonda deputat seçilə bilməmişdi. Zamanında deputat olmaq istəyini dilə gətirəndə mərhum müğənni İlhamə Quliyeva ilə qalmaqal da yaşamışdı.
Bir müddət bundan əvvəl xalq artisti Afaq Bəşirqızının parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılmışdı. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, istifadəçilər A.Bəşirqızını xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər. Bu kampaniyaya qoşulanlar arasında məşhur simalar, sənətçilər də var idi. Xalq artisti bununla bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hələlik namizədliyini irəli sürmək barədə düşünmür, layihələr üzərində çalışır. Lakin bir müddət sonra bu məsələ səngidi və xalq artistindən namizədliklə bağlı bir xəbər yoxdur.
Xalq artisti, müğənni Bilal Əliyev də açıqlamalarının birində parlamentdə təmsil olunmaq istədiyini bildirmişdi: “Əgər xalqım istəyərsə, tələb edərsə ki, biz Bilal Əliyevin vəkilimiz olmasını istəyirik, onda mən xalqın qarşısına çıxaram. Haradan seçilsəm, o bölgəni cənnətə çevirərəm, dəyişikliyi hamı görər ki, deməli, belə işləmək lazım imiş”.
Xalq artisti Faiq Ağayev də deputatlığa namizəd iddiasındadır. Faiq Ağayev bununla bağlı açıqlamasında deyib: “Parlament buraxıldı və fevralın 9-na seçki təyin olundu. Məni orada görmək istəyənlər var. Fevralın 9-da seçkilər olacaq. Yəni ki, yanvar ayından kimin namizədliyini verəcəyi bəlli olacaq. Gəlin o zamanı gözləyək”.
Şou-biznesdə “Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova da deputatlıq arzusunda olanlar sırasındadır. Bu haqda ifaçı özü açıqlamasında bildirib.
Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) də deputat olmaq arzusundadır. O, parlament seçkilərində iştirak etmək istədiyini dilə gətirib. Tolik eyni zamanda bununla bağlı izləyicilərinə sual da ünvanlayıb: “Sizcə, seçkilərdə iştirak edimmi?”
Xatırladaq ki, Milli Məclisdə müğənninin deputat olması təcrübəsi artıq var. Məlum olduğu kimi, Zeynəb Xanlarova uzun illər Milli Məclisin deputatı olub. Belə ki, müğənni Azərbaycan SSR Ali Sovetinin XI-XII, Azərbaycan Respublikasının I-IV çağırış deputatı seçilib. Sənətçilərin parlamentdə təmsil olunması tənqid ediləndə xalq artisti Zeynəb Xanlarova nümunə gətirilir və sənətçinin də parlamentdə təmsil oluna biləcəyini bildirirlər.
Bundan əvvəl də bir neçə müğənni deputatlığa namizədliyini irəli sürüb. Məsələn, xalq artisti Flora Kərimova 2005-ci ildə parlament seçkilərində iştirak edib. O, 42 saylı Sumqayıt Seçki Dairəsindən namizədliyini irəli sürüb. İfaçı bununla bağlı mətbuata açıqlamasında bildirib ki, seçki zamanı qalib gəlib. Lakin həmin dairədə nəticələr ləğv olunduğuna görə o, deputat ola bilməyib. Onun sözlərinə görə, hətta yaşanmış problemlər məhkəmə yolu ilə öz həllini tapıb: “Haqqımı Avropa Məhkəməsi bərpa etdi. Bütün bu problemdən sonra artıq qətiyyətlə deyə bilərəm ki, deputat olmaq istəmirəm”.
Eləcə də xalq artistləri Akif İslamzadə, bəstəkar Cavanşir Quliyev də deputatlığa namizdəliklərini irəli sürsələr də, qalib gələ bilməyiblər.

Flora Kərimova: “İnsanlar Zeynəb Xanlarovadan qorxublar, ona görə... ”
“Milli Məclis səhnə deyil” tənqidi ilə bağlı xalq artisti Flora Kərimovanın mövqeyini öyrənməyə çalışdıq. Flora Kərimova bu tənqidləri qınamadığını bildirdi: “Zeynəb Xanlarova onlara tövbələtmə verdi, ona görə bu cür deyirlər. Qorxurlar ki, yenə Zeynəb kimi birisi gələr, o da öz xeyri üçün yaşayar, işləyər, sonra da camaatına ”qara camaat" deyər.
Ümumiyyətlə isə “Müğənni parlamentdə təmsil oluna bilməz” düşüncəsi yanlışdır. Çünki insan adı ilə deyil, başı, əməli ilə fərqlənir. İnsanlara ağlına görə qiymət vermək lazımdır. Zeynəb Xanlarova “fəaliyyəti” ilə çox adama tövbələtmə verdi. Bununla da bu fikri deyənləri o qədər də qınamıram.
İnsan gərək danışanda millətin siması olsun. Zeynəb Xanlarovanı şişirtdilər, sonrası da məlum oldu, indi peşman olublar. Beləliklə, Zeynəb onlar üçün bir nümunə olduğu üçün artıq heç bir müğənnini parlamentdə görmək istəmirlər. Zeynəbə baxıb “belə olmaz” deyən adam artıq vətəndaşdır. Millət vəkili olanların çoxu millətin vəkili olub, millətə canı yananlar deyillər. Onlar parlamentdə seçilib, özləri üçün nəsə qopartmaq istəyirlər. Baxırlar ki, kimsə millət vəkili olanda zənginləşdi, qazancları oldu, toxunulmazlıq aldı, ona görə də özü də deputat olmaq arzusuna düşür. Orada vətənpərvər, millətini sevənlər çox olsaydı, parlamenti buraxmazdılar. Ölkə rəhbərliyi güclə onlardan canını qurtardı. Axırda gördü ki, hamısı kreslosundan bərk-bərk yapışıb durub, parlamenti buraxdı".
Xalq artisti illər öncə deputatlığa namizəd olmasından danışıb: “2500 səs üstünlüyü ilə qalib gəlmişdim. İnsanlar mənə müğənni olduğum üçün deyil, başıma, düşüncəmə görə səs vermişdi. Sonrakı prosesi siz də bilirsiniz. Avropa Məhkəməsi millət vəkilliyini mənim ünvanıma yazdı. Əslində mən millət vəkili seçilən adamam”.

Elza Seyidcahan: “Tramp da sənətçi idi, amma gəlib prezident seçildi”
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan isə tənqidlərə bu cür cavab verib:
“Hər kəsin öz şəxsi fikri ola bilər və mən bu fikirlərə hörmətlə yanaşıram. Baxın, araşdıranda görürük ki, dünya ölkələrində sənətçilər prezident, baş nazir, nazir seçilir. Məsələn, Tramp şoumendir, amma gəlib prezident seçildi. Əsl sənəti olan insanlar vergili insanlardır. Mən tək müğənni statusu daşımıram, həm də peşəkar bəstəkaram, Bəstəkarlar İttifaqının üzvüyəm. Mən millət vəkili olsam vəzifəm deyil, millət qarşısında məsuliyyətim artır. Onsuz da biz sənətçilər öz sənətimizlə xalqımıza xidmət edirik. Bir də ki, konstitusiyada, ölkə qanunlarında yoxdur ki, müğənni millət vəkili ola bilməz. Bundan əvvəl dahi bəstəkarlarımız millət vəkili olub.
Əgər mən də deputat seçilsəm, şərəflə bu məsuliyyəti daşımağa hazıram. Mənim şüarım var, “Tam zamanında gəldim”. Nə o qədər gənc deyiləm,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.