Azərbaycanlı məşhur külli miqdarda pul yığıb aradan çıxdı - QALMAQAL
12-01-2016, 21:41
Tanınmış konsert təşkilatçısı Nahid Emiloğlunun adı dələduzluqda hallanır. Belə ki, təşkilatçı ötən ilin dekabrında türk müğənni Rafet El Romanın Bakı Əyləncə Mərkəzində konsertini təşkil etmək adı ilə paytaxt sakinlərindən pul yığıb.
Aldadılan şəhər sakinlərindən biri Nihad Ağayev Publika.az-a açıqlamasında deyib:
“Ötən il dekabrın 29-da Rafet El Romanın biletlərinin qiyməti 80-200 manat arasında dəyişən konsertinə 80 manat verib bilet aldım. Həmin gün bizə dedilər ki, konsert olmayacaq. Səbəb kimi də dolların bahalaşmasına görə müğənninin konsertdən imtina etdiyini göstərdilər. Nahid Emiloğlunun adamları bizə dedi ki, yanvarın 5-də pulunuzu qaytaracağıq. Yanvarın 5-də pulumuzu vermədilər, yanvarın 10-na qədər gözləməyi məsləhət bildilər. Həmin gün yenə bizi aldatdılar. Dedilər ki, pul kassaya köçməyib. Məcbur qalıb, polisə müraciət etdim. Onlar bizə məsləhət gördülər ki, Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayaq. Nazirlikdən isə bildirdilər ki, Bakı Əyləncə Mərkəzi müstəqil mədəniyyət obyektidir, biz onlara müdaxilə edə bilmərik. Məcburam özümə vəkil tutub, məhkəmə yolu ilə pulumu geri alım”.
N.Ağayev Emiloğlunun özünün telefonlara cavab vermədiyini deyib. Emiloğlu ilə bizim əlaqə saxlamaq cəhdimiz alınmayıb.
Qeyd edək ki, təşkilatçı iyul ayında da Rafet El Romanın konserti adı ilə bilet satışı təşkil edib. Lakin həmin konsert də baş tutmayıb.