2016-cı ilə qalmaqalla başladılar: - “Tanınmaq üçün 60-70 min verirlər”
18-01-2016, 17:40
2016-cı il sənət adamlarının qalmaqalları ilə başlayıb. Köhnə intriqalar həll olunmamış yeni intriqalar yaranıb.
Musavat.com yeni başlayan 2016-cı ildə yaşanan qalmaqallar barədə yazı hazırlayıb. 2016-cı ildə ötənilki davalarını davam etdirən sənətçilər sırasında Röya Ayxan - Məlahət Abbasova, Nazənin - Təranə Qumral, Xatirə İslam – Elnarə Abdullayeva yer alır. Müğənni Elnur Məmmədov isə şou aləmində yeni qalmaqalın əsasını qoyan sənətçidir.
Elnarə Abdullayeva - Xatirə İslam
Əməkdar artist Elnarə Abdullayeva ilə Xatirə İslam arasında yaşanan qalmaqal bu il yenidən alovlansa da, X. İslam geri addım ataraq mübahisəyə son qoyub. E. Abdullayevanın verilişlərin birində “Oğluma müğənni qız almaram” sözləri Xatirə İslamı özündən çıxarmışdı. İkili uzun müddət bir-birinə atmaca atsa da, X.İslam qalmaqala sosial şəbəkədə son qoyub:
“Elnarə Abdullayeva ilə bağlı suallar verməyin. Elnarə bilər, mən bilərəm. Haqqımda nə deyibsə, əcəb edib, yaxşı edib, əlinin içindən gəlib. Bizim aramızda problem yoxdur, olsa da, özümüz həll edəcəyik. Bizi bir-birimizə qırdırmağa hazır olanlar, yorulun artıq”.
Məlahət Abbasova - Röya Ayxan
Ötən il əməkdar artist Məlahət Abbasova “Bəyaz show”ya qonaq olan Röyaya az vaxt ayrıldığı üçün sosial şəbəkə müğənniyə iradını bildirməsinə sənətçi 2016-ci ildə cavab verdi. “Top kimi“ verilişinə qonaq olan Röya əməkdar artist haqda sərt fikirlər səsləndirsə də, sonradan peşman olduğunu dilə gətirdi.
“Türkiyədə mənim üç mahnım var, hər yerə də “Kesin bilgi” ilə çıxmalıyam. Bəyazın verilişinə çıxmağım uğurdur. Hər adamın işinə hörmət bəsləyirəm, heç kim Türkiyədə mənim qədər iş görmədi, bundan sonra görəcəklərinə də inanmıram. Qıraqdan danışanlar var. 50 ildir ki, Türkiyədədirlər, ancaq əllərində süpürgə tuturlar. 2015-ci ildə bir mahnı işləyirdim. Klipdə həmin aktrisanın (Məlahət Abbasovanı nəzərdə tutur -red) köhnə filmindən kadrlar yer alacaqdı, özünə də rol verəcəkdim. Bu haqda məlumatı yox idi. O sözlərdən sonra onu reklam etməməyə qərar verdim. O kimdir ki, mənim adımı çəkir? Ona kim Türkiyədə hörmət qoyub? Get süpürgəni al əlinə, yağış yağanda pəncərəni silərsən. O aktrisa məndən yaşda böyükdür, ağıllı olsun. Türkiyədə onu tapmayım”- sözlərindən sonra Röya sosial şəbəkədə M. Abbasova haqda sərt sözlər səsləndirdiyi üçün peşman olduğunu və sənətinə hörmət olunmasını istədiyini qeyd edib.
Təranə Qumral – Nazənin
Təranə Qumral – Nazənin qalmaqalı ötən ildən davam edən qalmaqallardandır. Belə ki, ANS efirində Nazənin ilə Təranə Qumral bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırdığı üçün sənətçilər məhkəməyə üz tutmuşdu. Məhkəmənin qərarına əsasən,Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməli olan Təranə Qumral Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsinin qərarını açıqlayan T. Qumralın vəkili bildirib ki, Təranə Qumral həmkarı Nazənin Salayevanın şərəf və ləyaqətini alçaltmasına görə 10000 (on min ) manat yox, cəmi 500 manat ödəməsi barədə qərar verib.
Nazənin isə vəkilin sözlərinin yalan olduğunu bildirib. Sənətçilər arasında yaşanan qalmaqal davam edir.
Elnur Məmmədov
Növbəti qalmaqalın əsasını isə müğənni Elnur Məmmədov qoyub. O “ATV maqazin 10-larla” verilişində Türkiyədə fəaliyyətə başlayan müğənniləri tənqid edib:
“Biz Türkiyənin müğənnilərinin gözümüzün üstə saxlayırıq, tez-tez kliplərini telekanallarımız nümayiş etdirir. Onlar da bizim üçün bu cür addım atsa, maraqlı olar. Bizim müğənnilərə yazığım gəlir. Türkiyədə bizim müğənniləri tanıtmaq üçün 60-70 min pul alırlar. Bizim telekanallarda öz müğənnilərimizin kliplərini efirə versinlər. Sırf özümüzü təbliğ etsinlər. Türkiyədə bizim “mənəm-mənəm” deyən müğənnilərimizi tanımırlar. Biz Azərbaycanda tanınırıq, burada da işləyirik. Biz musiqi və yaradıcılıq baxımından hamıdan üstünük”.