Elzadan Mətanətə: - "Mənim qızımı çərlətməsin"
30-03-2016, 13:05
Əməkdar artist Elza Seyidcahanla Mətanət İsgəndərli arasında mahnı qalmaqalı yaşanıb.
Axşam.az-a açıqlama verən E.Seyidcahan bəstələrindən birini həmkarına satıb. Üstündən uzun müddət keçməsinə baxmayaraq M.İsgəndərli bəstəni hələ də təqdim etmir. Bu da qarşı tərəfi özündən çıxarıb.
E.Seyidcahan əməkdaşımızla söhbətində müğənnidən incidiyini etiraf edib:
“Mahnını məndən 5 min manata alıb və çox bəyənib. Sadəcə, özündə kompleks yaradıb ki, işlənməsi yaxşı deyil. Onu başa düşürəm, Azərbaycanda yaxşı aranjimançılar yoxdur. Amma bir bəstəni bu qədər evdə saxlamaq olmaz. Mətanət xanım hər zaman yaxşı mahnılar oxuyub, onları sevdirib. Amma son zamanlar bir-iki mahnısını gördüm bəyənmədim. Bilirəm ki, bu kütlənin tələbidir. Belə bəstələr oxuyurlar ki, kütlə onları qəbul etsin. Amma başqa ifaçı da bunu görüb, onun arxasınca gedir axı. “Gözlərin bana çox uzaq” adlanan mahnının sözləri Ayşe Birgül Yılmaza aiddir. O qədər gözəl bəstədir ki, hətta Türkiyədən də onu istəyənlər var. Mahnını oxuyub, qoyub başının altına, üzə çıxarmır”.
E.Seyidcahan bu kimi hallara görə müğənnilik etdiyini deyib:
“Mən belələrini görüb müğənni oldum. Çünki bizimkilər bəstəni yaşatmırlar. Mətanət xanım onu oxuyanda bütün müğənnilər zəng vurdu ki, nə gözəldi. Orada bir şeir deyib, dinləyəndə ağladım. Mətanət xanımı çox istəyirəm, amma incidiyimi də gizlətmirəm. Onu da deyim ki, bu yaxınlarda radioda qonaq idi, deyirdi həmin bəstəni səsləndirəcəm. Amma nə qədər etdi, diski tapmadı. Mahnıma göz dəyib, gedib üzərlik yandırsın”.
E.Seyidcahan M.İsgəndərliyə ismarış göndərib:
“Mahnılarım mənim övladımdır. İnsan qızını ərə verəndə, onun getdiyi evdə xoş gün görməsini istəyir. Mən də mahnılarımı verdiyim insanların onu yaşatmasını istəyirəm. Mətanət İsgəndərli də mənim övladımı alıb, evdə çərlədir. Ona həyat vermir. Buna görə mən çox narahatam. Niyə övladımı bədbəxt emisən? Ona demək istəyirəm ki, mənim qızımı çərlətməsin”.