Keçmiş arvadından müğənni haqda şok sözlər - “Qadın paltarları geyinir, dırnaqlarını uzadır...”
30-03-2016, 21:20
Nurlan Kərimovun sabiq həyat yoldaşı onun dələduz olduğunu, övladlarına baxmadığını deyir; qarşı tərəf isə “uşaqların atası mən deyiləm” söyləyir
Mətbuatda, mediada özünü tanınmış psixoloq, müğənni kimi təqdim edən Nurlan Bəyləroğlu Kərimovun keçmiş həyat yoldaşı Aygün Əmiraslanova redaksiyamıza müraciət edib. Deyir 3 uşağı ilə çarəsiz qalıb. Şikayətçinin sözlərinə görə, keçmiş həyat yoldaşının maddi imkanı, avtomobili, evi olsa da məhkəməyə saxta sənədlər təqdim etməklə aliment ödənişlərindən yayına bilir:
“Onunla 2005-ci ildə ailə həyatı qurmuşam, bu izdivacdan iki övladım var. Nurlan Kərimov əvvəllər İlham Mirzəyevin yaxın dostu, Faiq Ağayevin isə prodüseri olub. Övladlarımız olduqdan sonra Nurlanın hərəkətlərində qeyr-adilik görməyə başladım. O, saçlarını açaraq saraltdı, dırnaqlarını uzadıb manikür etdirdi, bədəninə yapışan narıncı rəngdə qadın paltarlarına bənzər geyimlər geyinməyə başladı. Gecələr evdən çıxıb gedir, bir də səhərlər gəlirdi. Ondan bu barədə soruşanda isə deyirdi ki, restoranlarda müğənnilik edir. Lakin onun işlədiyi restoranlara gedib haqqında öyrənməyə başladım, mənə təsdiqləyib dedilər ki, həqiqətən də o, kişiliyə yaraşmayan hərəkətlər edir.
Hər kəsə pul borclu idi. Özünü molla kimi təqdim edib kimlərdənsə borc pul alırdı. Tez-tez telefon nömrəsini dəyişdiyindən onu tapmaq mümkün olmurdu. Mənim də qızıllarımı bir dəfə girov qoyaraq çoxlu miqdarda borc götürmüşdü. Bundan xəbər tutan kimi həmin borcu ödəyib qızıllarımı geri qaytara bilmişdim. Evdən də oğurluq etməyə başlamışdı.
Bütün bu olanlardan təngə gəlib 2008-ci ildə ondan ayrıldım.
Məhkəmə aliment məsələsi ilə bağlı qərar qəbul etsə də Nurlan hər cür bəhanə ilə ödənişlərdən yayınmağa çalışır, məhkəməyə saxta sənədlər təqdim edir. Guya onun avtomobilinə əl qoyulub, kişiliyi və psixoloji durumu ilə bağlı xəstəlikləri var və sairə. Hətta məhkəməyə müraciət edərək atalıqdan imtina etmək istəmişdi. Guya uşaqların sənədlərini mən rüşvət verməklə almışam. Lakin məhkəməyə sənədlər təqdim etdim və məlum oldu ki, uşaqlara sənəd Nurlanın iştirakı ilə verilib.
Tez-tez yaşadığı yerləri dəyişdiyindən alimenti haradan alacağımı bilmirəm. İndi guya Xətai rayonunda yaşayır. Lakin Xətai Rayon İcra İdarəsinin nümayəndəsi bu məsələ ilə bağlı heç bir tədbir görmək istəmir. Tələb edəndə ki, deyirlər ki, “biz cibimizdən sənə pul verəsi deyilik ki?””.
Aygün Əmiraslanovanın sözlərinə görə, Nurlan Kərimov “Specail” psixologiya mərkəzinin rəhbəri olmasına baxmayaraq onun heç bir təhsili və lisenziyası yoxdur:
“O, məhkəməyə müraciət edib ki, psixoloji problemləri olduğundan əsəb dispanserində müalicə alıb. Psixoloji problemləri olan bir adam necə psixologiya mərkəzində işləyə bilər? Guya Türkiyənin Marmara Universitetində təhsil alıb. Lakin əlimdə sənədlər var ki, o, həmin universitetə daxil olduqdan sonra təhsilini yarımçıq saxlayaraq Pedaqoji Universitetə daxil olub. Qısa zamanda isə həmin universitetdən qovulub. Təhsil Nazirliyinə də bu barədə müraciət etmişəm. Rəsmi surətdə bildirdilər ki, belə bir adam ölkədə ali təhsil almayıb.
Onun “qanunsuz toplantı keçirmək” maddəsi ilə məhkumluğu da var. İki şəxsiyyət vəsiqəsi olmağı ilə bağlı isə Dövlət Yol Polisində məlumat var.
Sizin qəzetin vasitəsi ilə aidiyyatı orqanlara səslənib xahiş edirəm ki, övladlarımın aliment məsələsi ilə bağlı mənə köməklik etsinlər. Aylardır ki, aliment ala bilmirəm. Özüm qulağımda olan xəstəliklə əlaqədar 3-cü qrup əliləm, eşitmə problemim var. Əvvəllər ibtidai sinif müəlliməsi işləmişəm. Lakin getdikcə sağlamlığımda yaranmış problemlərə görə artıq işsizəm. Hazırda 3 uşaq ilə xəstə anamın himayəsində qalıram. Uşaqlarımın ikisi xəstəxanaya düşüb. Onların müalicəsi üçün heç bir maddi imkanım yoxdur”.
Nurlan Bəyləroğlunun vəkili Məmməd Elçin Məmmədoğlu “Yeni Müsavat”a açıqlama verib. Vəkilin sözlərinə görə, iki az yaşlı uşaq heç də Nurlan Bəyləroğlunun övladları deyil, ona qarşı edilən hədə-qorxular üzündən məcbur qalaraq uşaqlara atalıq verib:
“Aygün xanımı bütün Azərbaycan tanıyır. Onun qabağına kim çıxır şikayət verməsindən hamı xəbərdardır. Suraxanı Rayon Polis İdarəsinə bir zəng etsəniz deyəcəklər ki, Aygün Əmiraslanovun 31 ədəd şikayət ərizəsi var. Bizdən, aşpazdan, qonşudan, süpürgəçidən və sairə... O, Nurlanın xanımı deyil. İfadələrimizi bir qədər korrektə edək. Hələ də ona xanım deyə müraciət edirik, çünki hörmət edirik. Yalan olaraq iddia edir ki, iki uşaq Nurlanındır və məhkəmə qərarı ilə aliment alır. Hazırda onun 4 uşağı var. Birinci uşaq kimdəndir - heç bəlli deyil. İndi bir balaca uşağı var, o da başqa şəxsdəndir. Bu adamın işi-gücü ancaq kimlərisə şərləyib, ondan uşaq peydahlayıb ondan-budan aliment alıb həyatını sürməkdir.
Nurlan həmin xanımla 2006-cı ildə ünsiyyətdə olub, bir gecəlik. Onunla heç bir ailə münasibətində olmayıb. Şəkillərin də hamısı montajdır. Xanımın işi-gücü ancaq bu məsələnin üstündə işləməkdir. Polisin vasitəsi və hədə-qorxu yolu ilə uşağına atalıq alıb. Bununla bağlı Suraxanı Rayon Məhkəməsində məhkəmə prosesimiz var. Və həmin məhkəmə prosesi gedir”.
Vəkil Nurlan Bəyləroğlunun heç bir təhsili olmadan özünü psixoloq kimi təqdim etməsi barədə səslənən iddialara da aydınlıq gətirib:
“Nurlan psixoloq şirkətini yaradıb və həmin şirkətin rəhbəri kimi fəaliyyət göstərir. Orda həkimlər münasib qiymətlərlə əhaliyə xidmət göstərirlər. Onun özü də təhsil almış bir şəxsdir. Hansı yerdə oxuduğu barədə məlumatım yoxdur. Yalnız bilirəm ki, Türkiyədə təhsil alıb. Onu da qeyd edim ki, psixoloq fəaliyyəti üçün də hansısa lisenziya tələb olunmur”.
Vəkil Nurlan Bəyləroğlunun əsəb dispanserində müalicə aldığını təsdiqləyib:
“Aygün Əmiraslanovanın əsassız ittihamları, bəhanələri onu və ailəsini narahat edir. Buna görə də bu ilin fevralın 26-da əsəb sarsıntısı keçirərək təcili yardımın köməyi ilə 2 saylı Əsəb Dispanserində yerləşdirilmişdi. Martın 16-da isə dispanserdən çıxıb”.
Vəkilin dediyinə görə, Nurlan Bəyləroğlu hazırda əsəb pozğunluqları olduğu üçün yenidən xəstəxanaya yerləşib.
Qeyd edək ki, özünü psixoloq kimi təqdim edən Nurlan Bəyləroğlu ötən ildən başlayaraq müğənni kimi də fəaliyyət göstərir. (musavat.com)