“Hacıbala Abutalıbov mənim evimi uçurub” – Şeyx Əbdül Mammudov
1-04-2016, 16:21
“Bu gün mən təxribatın içərisindəyəm. Mənim evimi Bakı meri Hacıbala Abutalıbov yeraltı qaraj tikintisi zamanı uçurub. Bununla bağlı üç məhkəmə qərarı da var; rayon, apelyasiya və Ağır Cinayətlər məhkəməsinin qərarı əlimdədir. Mənim xeyrimə qərar çıxarıblar ki, bu zavallının evini dağıtmısınız, bunun heç toyuq hini də yoxdur. Onun evini bərpa etməlisiniz”.
Bunu hafta.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov deyib. Qocaman aktyorumuz bildirib ki, evinin sökülüb-dağılması yeraltı qaraj tikintisi səbəbi ilə baş verib:
“Heydər Əliyev sarayının arxasında, “beşmərtəbə” tərəfdəki parkın yanındadır mənim evim. Evimin altında yeraltı qaraj tikirdilər. Beş – on min avtomobillik bir qaraj olaсaq. Qazıntı işlərinə başlayanda bizim evimiz çatladı, partlayıb töküldü. Deputatalar, administrasiyanın məktubu, FHN-dən qərar və üç məhkəmənin çıxardığı hökm... Hacıbala Abutalıbov heç birinə məhəl qoymur. Mən kimə daş atmışam, başım çıxmır. Onlar mənə niyə düşmən kimi baxırlar, mən həmişə tariximizi və mənəviyyatımızı müdafiə edən adam olmuşam”.
Əbdül Mahmudov hafta.az vasitəsi ilə ölkə başçısına da müraciət ünvanlayıb:
“Sizin vasitənizlə cənab prezidentə müraciət edirəm. Mənə deyirlər ki, məhkəmənin qərarını icra edə bilmirik, Hacıbala müəllimdən qorxuruq. İndi cənab prezident sizdən xahiş edirəm ki, bu işə bir əncam çəkəsiniz. Mənim haqqım bərpa olunsun. Məhkəmə qərarı var, evimin dəyəri müqabilində pul versinlər, gedim özümə yeni mənzil tikim. Hacıbala Abutalıbov niyə üç məhkəmə qərarını icra etmir? Konstitusiyada da var ki, məhkəmə qərarları ilə prezident sərəncamları müzakirə olunmur, icra edilir. Bəs Bakı meri məhkəmə qərarlarını niyə icra etmir? Yağış yağanda mən yeddi yerdən evimə vedrə qoyuram. Mən xalqımın mədəniyyətini tarixini müdafiə etmişəm. 72 yaşım var və bu illər ərzində neçə -neçə ali təhsillər, ustadlar görmüşəm”.
Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla, qurumun mətbuat xidməti ilə əlaqə saxlasaq da zənglərimizə cavab verən tapılmadı.