Teleaparıcıdan ifaçının arvadına cavab: - “Deməli, mənə görə boşanıblar?”
1-04-2016, 20:28

Teleaparıcı Kamran Həsənlini dələduzluqda ittiham edən müğənni Samir Piriyev sabah mətbuat konfransı keçirəcək.
Musavat.com saytına bu haqda müğənninin hüquqşünası Ruslan Əhmədoğlu məlumat verib:
“Sabah cinayət işi ilə bağlı mətbuat konfransı keçirəcəyik və bütün gerçəkləri mətbuata təqdim edəcəyik. 2 aya yaxındır ki, istintaq gedir. Bu günə qədər Kamran Həsənli özü həqiqətə uyğun olmayan bəyanatlar verir. Biz də düşünürdük ki, vəkili ola-ola niyə özü danışır. Ötən gün Kamranın vəkili Türkel müəllim axır ki, mətbuata çıxdı. Teleaparıcının vəkili deyir ki, Piriyev K. Həsənlinin səs yazısını müstəntiqə protokol qaydasında təqdim etməyib. Biz açıq şəkildə bəyan edirik ki, səsyazmaları protokol qaydasında təqdim etmişik. Kimin buna şübhəsi varsa, müstəntiqə müraciət edə bilər. Samir səsyazmanı istintaqa vermədən də mətbuata təqdim etsəydi, yenə də buna görə heç bir məsuliyyət daşımır. Bu günlərdə Samir Piriyevin keçmiş sürücüsü Səməd bəylə Kamran Həsənlinin üzləşməsi olub. O zaman Kamranın vəkili maraqlı fikir səsləndirib. O, otaqda Kamranla tək olduğunu unudub və sürücü eşidə-eşidə deyib ki, “Kamran, sən o maşını nahaq pul əvəzi vermisən. Samirə borcun yox idi, maşını niyə verirdin? Maşını verməyin bu gün bizi çətin vəziyyətə salır. Yaxşı ki, sənə qulaq asmadım, yoxsa evi də Samirin adına keçirmək istəyirdin. Sənin ağlınla getsəydim, hər şey əlimdən çıxmışdı”.
Müğənni Samir Piriyevlə şoumen Kamran Həsənlinin pul qalmaqalına ifaçının keçmiş həyat yoldaşı Yeganə də münasibət bildirib. O, axşam.az saytına açıqlamasında sənətçinin həqiqətən də aparıcıya 115 min manat pul verdiyini deyib:
“Bir gün Samir evə gələndə söylədi ki, Kamran Həsənli ona Türkiyədə biznes qurmağı təklif edib. Samir dedi ki, Gülər (Kamran Həsənlinin bacısı – red.) Türkiyədədir. Biznesə Gülərin özü nəzarət edir. Həmin gündən bizim evdə söz-söhbətlər başladı. Mən Kamrana pul verilməsinin tam əleyhinə idim. Kamran hər gün bizə gələrək, guya hansısa biznes-planlar barədə danışırdı. Türkiyəyə zəng edirdi, Samiri Gülərlə danışdırırdı. Həmin ərəfələrdə Samir evdə olan 35 min dolları mənim yanımda Kamrana verdi. Qalanını da yaxın zamanda verəcəyini söylədi.
Kamran bizim evdən çıxar-çıxmaz evdə davalar başladı. Bacı-qardaş Samiri elə ələ almışdılar ki, mənə qulaq asmırdı. Ailəmizdə çox güclü soyuqluq yarandı. Samir artıq mənə qulaq asmırdı. Hər gün ağlayırdım. Kamran və onun bacısı bizim ailədə elə vəziyyət yaratdılar ki, Samir sözün əsl mənasında bunlardan başqa heç kəsə inanmırdı”.
Teleaparıcı Kamran Həsənli müğənninin hüquqşünası Ruslan Əhmədoğlunun ittihamlarına cavab verib. O musavat.com saytına açıqlamasında deyib ki, vəkili ona iradını bildirməyib:
“Vəkilim mənə heç vaxt onların yanında irad bildirməyib. Samir adam göndərib məni şantaj edir ki, evimi onun adına keçirim. Samir deyir ki, 1993-cü ildə alıb yaşadığım evi ona verim, o da ərizəsini dala götürsün. Məni açıq şəkildə şantaj edir”.
K.Həsənli sənətçinin vəkili Ceyhun Yusifovun “Kamran Həsənli açıq şəkildə deyir ki, Bakı Şəhər Prokurorluğunda ona heç nə edə bilməzlər, onu himayə edənlər var” sözlərinə də aydınlıq gətirib:
“Bunların hamısı yalandır, mən onlarla görüşməmişəm. Mən Samirin hüquqşünası Ruslanı da, vəkili Ceyhunu da görməmişəm. Üzləşmədə onun vəkili Həbib iştirak edirdi. Onlar yalan danışırlar.. İttihamları varsa, mənimlə danışsınlar, bacımı bu məsələyə niyə qatırlar? İstintaq tələb etsə, bacım da gəlib ifadə verəcək”.
Teleaparıcı S.Piriyevin keçmiş həyat yildaşına da cavab verib: “Yeganə xanım çıxıb mətbuata açıqlama verib. Ondan soruşmaq lazımdır ki, üzləşməyə niyə gəlməmişdi? Deməli, onlar mənə görə boşanıblar? Onun sözlərindən belə aydın olur”.
K. Həsənli tezliklə mətbuat konfransı keçirəcəyini də qeyd edib: “Sabah Samirgil mətbuat konfransı keçirəcək. Görək, nələr təqdim edəcəklər. Biz də sonra mətbuat konfransı keçirəcəyik. Əslində, bu iş istintaq işidir, şou-proqram kimi mətbuata çıxmamalıdır. İstintaq qala-qala hər şeyi ictimaiyyətə təqdim edirlər. Bizim aramızda olan problem kimin nəyinə lazımdır?”