"Yox, sülh yolu ilə mümkün deyil" - Bu 2-3 günlük məşq göstərdi ki, savaş yolu ən doğrusudur...
5-04-2016, 19:01

“Eurovision 2011” yarışmasının qalibi Eldar Qasımovun sosial şəbəkədə yayımladığı “Sülh şəraitində yaşamaq istəyirik” fikri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Gənc müğənninin sülh çağırışı ictimai-siyasi fəallarla yanaşı, ünlülərin də tənqidinə tuş gəlib.
Axşam.az-ın məlumatına görə, aparıcı Xoşqədəm Hidayətqızı bununla bağlı müğənniyə ismarış göndərib:
“Günah bu uşaqda deyil, ona Qarabağ həqiqətlərini anlatmayan valideynlərindədir. Günah onun fikirlərini önəmli sayaraq, tirajlayan bizlərdədir. Mən təklif edirəm ki, zamanında min bir yolla əsgərlikdən yayınaraq, indi vətəndən danışanların açıqlamalarını yaymayın. Bu şəhidlərimizin ruhuna, cəbhədə qəhrəmancasına döyüşən əsgərlərimizə hörmətsizlikdir. Ən azı haqq davamız bitənə qədər bunları gündəmə gətirməyək. Bu uşağı tanıyan biri varsa, ona zəng edib desin ki, səni dünya vətəndaşı edən Azərbaycandır.
Əxlaqsız Kim Kardaşyana bax, necə kampaniya aparır. Sən də sosial şəbəkələrdə kampaniyalara qoşul. Dünyaya car çək ki, atəşkəsi şərəfsiz ermənilər pozub. Mülki əhalinin yaşadığı məntəqələri atəşə tutublar. Bundan sonra da layiqli cavablarını alıblar.
Görəsən, bu tip insanlar bilirmi torpaq itkisi nə deməkdir? Ürəyim partlayır, bu vəziyyətdə olmasam, indi cəbhə bölgəsində idim. Məgər biz bu günləri gözləmirdik? Biz torpağımız üçün ölümə də gedərik. “Əmr verin, cənab prezident” demirdikmi? Azərbaycanın qəhrəman ordusu, Allah sizi qorusun. Biz ölmədən bizə qələbə sevinci yaşadın. Allah yardımcınız olsun”.
Bəs digər incəsənət əhli işğal olunan torpaqlarımızın sülh yoxsa müharibə yolu ilə geri qaytarılmasını arzulayır?
Məsələ ilə əlaqədar bir neçə tanınmış incəsənət nümayəndələrinin mövqeyini öyrəndik.
Xalq artisti Rasim Balayev bu barədə “Yeni Müsavat”a danışaraq məsələnin həllinin yalnız güc yolu ilə mümkün olduğunu deyib:
“Yox, sülh yolu ilə mümkün deyil. Erməniləri tanıyanlar yaxşı bilirlər, onlar başqasının bostanına soxulan donuz kimidirlər. Onları elə bostana girmiş oğru kimi vurmaq lazımdır. Bundan öncə sülh yolu ilə torpaqlarımızı geri qaytara bilsəydik, bu olardı. Bunun bir yolu var - güc yolu.
Bu gün ordumuz güc yolu ilə torpaqlarımızı geri almağa çalışır və arzu edirəm ki, bu, axıradək davam etsin. Başqa yol yoxdur”.
Bəstəkar-müğənni Cabbar Musayev isə bu cür mövqe bildirib:
“Bu barədə ən gözəl sözü prezidentimiz deyib. O deyib ki, “Mən istəmirəm nə erməni, nə də azərbaycanlı anaları göz yaşı axıtsın”. Bundan gözəl söz ola bilməz.
İstər qonşu, istərsə də Avropa dövlətləri Qarabağın Azərbaycana məxsus olduğunu bilirlər. Qarabağ Azərbaycanındır. Lakin şəhidlərimizin sayının artması çox ürəkağrıcıdır. Bu gün də ATV kanalının yaxınlığında bir şəhid dəfn olunurdu, özümü saxlaya bilmədim... Bunları gördükcə həm qürur hissi duyuram, həm də çox pis oluram ki, yenə də başladıq şəhidlər verməyə. Buna çox üzülürəm. Bir sevindirci xəbər var ki, cəbhədə, sərhədlərdə iki post qurulub, birinci post ondan ötrü qurulub ki, könüllü olaraq döyüşlərə getmək istəyən azərbaycanlıların qarşısı alsınlar. Bir post da Ermənistan tərəfindən qurulub ki, erməni qaçqınları Ermənistana getməsin. Bu həddindən artıq sevindiricidir.
Aydın məsələdir ki, itkisiz bu torpaqlar heç vaxt alınmayacaq. Allah şəhdlərmizə rəhmət eləsin, əsgərlərimizə də güc-qüvvət versin ki, tez bir zamanda torpaqlarımız geri alınsın”.
Əməkdar artist, müğənni Nüşabə Ələsgərli sülhə gərək olmadığını deyib:
“Sülhün sülh, davanın da dava yeri var. Nə qədər gözləyək?! Gözlədik, onlar isə bizə atəş açdılar. Torpaqlarımızı işğal etdikləri bəs deyil, atəşkəsi də pozurlar. Özləri istədilər bu savaşı. Dünya dövlətlərinin əksəriyyəti ermənilərin tərəfindədir. Amma indi elə bir məqamdır ki, biz bu məqamdan yaxşı istifadə edək. Sülh lazım deyil. Yaxşı başlamışıq, gərək davam edək. İnşallah, yaxşı olar... “
Əməkdar artist Bəhram Bağırzadə:
“Belə düşünürəm ki, artıq 25 ildir ki, Azərbaycan xalqı dözümlü xalq kimi dözüb. Və çalışmışıq ki, sülh yolu ilə məsələ həll olunsun. Bunu bədnam qonşularımız başa düşmürsə, onları başa salmaq lazımdır. Prezidentimiz də bildirdi ki, onlar sülh yolu ilə məsələni həll etmək istəmirsə, biz müharibə yolu ilə bu məsələni həll edəcəyik. Və şükürlər olsun ki, 4-5 gündür ki, döyüşlərdə biz qalib gəlirik və yaxşı məlumatlar gəlir. Şəxsən öz adımdan deyə bilərəm ki, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanın oğlu və Allahın bəndəsi kimi mən də həmin çağırışı gözləyirəm.
Ermənilər başa düşməlidirlər ki, 25 ildir ki, gəlib soxulublar bizim torpaqlara, əraziyə. Vaxtı ikən onları başımıza çıxartmışıq, ona görə də başmıza bu cür oyun açırlar.
Bəli, bu gün mübarizəni davam etdirməliyik, qalib gəlməliyik və bizim millət xoşbəxt, firavan günlər görməlidir. Mən ancaq bunu görmək istəyirəm. Qoy itkilərimiz az olsun. Allah şəhidlərimizə rəhmət etsin, günahlarından keçsin, o dünyalarını versin. Şəhidlərimizin valideynlərinə də Allahdan səbr diləyək ki, təmkinli olsunlar”.