Rusdilli auditoriyamızın sevimlisi, Bakılı müğənni: "Muğamın ən yaxşı ifaçıları ermənilərdir”
11-04-2016, 00:01
Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Odin v odin" proqramında Azərbaycan muğamı erməni musiqisi kimi təqdim olunub.
TEREF.İNFO ans press-ə istinadən xəbər verir ki, şouda münsiflər heyətində əyləşən və əslən Bakıdan olan müğənni Larisa Dolina iştirakçılardan biri Aleksey Çumakovun ifasına münasibət bildirərəkən muğamın ən yaxşı ifaçılarının ermənilər olduğunu iddia edib.
"Muğam ifa etmək inanılmaz dərəcədə çətindir. Çox nadir insanlar bunu bacarır. Çoxları öyrənir, amma yenə də onlarda alınmır. Bu, səndə necə alınır?.. Məsələ tembrdə deyil, ifadadır. Yalnız ermənilər bacarır. Azərbaycanlılar da muğamı çox yaxşı oxuyur", - deyə Larisa Dolina bildirib.
Məsələyə münasibət bildirən Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov qeyd edib ki, hər hansı şəxsin muğam haqqında subyektiv fikirləri düzgün sayıla bilməz .
"Muğam 2006-cı ildə Azərbaycan muğamı adı altında YUNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Muğamla bağlı keçirilən bütün beynəlxalq konfranslarda alimlərin araşdırmalarınin nəticələri göstərir ki, muğam Azərbaycana məxsus musiqidir. Muğamın erməni xalqına hec bir aidiyyəti yoxdur. Ola bilər ki, zamanında Azərbaycan ərazisində yaşayan ermənilər muğamın incəliklərini muğam ifaçılarımızdan öyrənib, ifa ediblər. Amma bu o demək deyil ki, muğam ermənilərə məxsusdur",- deyə qurum rəsmisi əlavə edib.
Həmin məqam videonun 1:00:01 dəqiqəsindən 1:06:15 -ə qədər olan hissəsində yer alıb.