“Toyunda oxuduğum mahnını yasında ifa etmək çox ağır oldu” - VİDEO

15-04-2016, 14:17           
“Toyunda oxuduğum mahnını yasında ifa etmək çox ağır oldu” - VİDEO
Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurovun məzarı üstündə “Vətən oğlu” mahnısını ifa edən tanınmış müğənni Manaf Ağayev Modern.az saytına açıqlama verib.

Manaf Ağayev üçün ağır dəqiqələr...

O, vətəndaş, dost olaraq şəhidin qəbrini ziyarət etdiyini deyib:

“Molla “Quran”ı oxuyub bitirdikdən sonra atası, qardaşları xahiş etdi ki, onun sevdiyi ”Vətən oğlu” mahnısından bir ağız oxuyum. Çünki, Pəncəli hərbçi olduğu üçün bu mahnını çox sevirdi. Əslində mən “gözüyaşlı, qəhərli, həm də yağışın altında qəbir üstdə oxumaq yaxşı deyil” dedim, amma yaxınları çox israr etdi. Oxuduqca, qəhər məni boğurdu, səsimdə də bu hiss edilirdi”.

Müğənni həmin an dəqiqələrin çox çətin keçdiyini vurğulayıb:

“Çox çətin idi. Toyunda oxuduğum şəxsin yasında oxumaq həddindən artıq ağır idi. Əslində onun yaşadığı ucqar kəndə hər adam “gedərəm” deyər, amma gedib çıxmaq da hər kişinin işi deyil. 2 min metr hündürlüyündə bir dağdır, çox ucqar yerdir. Halal xoşu olsun. Bu bizim vətəndaş kimi borcumuzdur. Amma oxuduğum anda əziyyət çəkdim, sonra isə şəhidimizin sağlığında xoşuna gələn bir şeyi etdiyim üçün rahatlıq tapdım. Xeyir işində olduğu kimi, çətin günündə də ailəsilə bir oldum”.

“Sən qəbrimin üstdə oxusan mən dirilərəm...”

M.Ağayev deyib ki, qəbir üstündə oxumaq müğənnilik təcrübəsində ilk belə hal deyil:

“Bir dəfə də belə hal baş verib. Çox yaxın dostum vardı. Həmişə zarafatla “mən öləndə qəbrim üstdə oxumasan, kişi deyilsən”, “sən qəbrimin üstündə oxusan, mən dirilərəm” deyirdi. O vaxt deyirdik ki, “sən bizim hamımızı basdırıb, sonra öləcəksən”. Amma qismət elə gətirdi ki, dostum qəfildən dünyasını dəyişdi. Onun da qəbrinin üstündə oxumuşdum. Elə bil özünə agah olmuşdu.

Elə Pəncəlinin özü də ölümü barədə əvvəldən danışmışdı. Mən onun toyunda iştirak edəndə 32 yaşı vardı. Zarafatla dedim ki, bu yaşda da evlənərlərmi? Pəncəli “əslində mən evlənmək istəmirəm, atam-anam məcbur edir. Mən bilirəm ki, nə vaxtsa vətən yolunda şəhid olacam” dedi. Mən də buna qarşılıq dedim ki, “adam toyunda bu cür danışmaz”. Çox vətənpərvər, döyüşkən oğlan idi, 17 il hərbidə qulluq edib.

Əslində mənim qəbir üstündə oxuduğum zəminxarə üstündə muğamdır, yəni mollanın oxuduğu avazla eynidir. Rəhmətlik toyuna da elə həmin mahnıya görə dəvət etmişdi məni”.

Aprelin 2-nə keçən gecə cəbhədə gedən ağır döyüşlərdə qəhərmanlıqla vuruşan P.Teymurov 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. P.Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.
[media=https://www.youtube.com/watch?v=JPVDiTXSkvc]
[media=https://www.youtube.com/watch?v=qjUHdR_Yyp8]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.