Space TV-dən Abbasa cavab - “5 yox, 45 dəqiqə gecikib...”
18-04-2016, 13:54
“Space TV heç kəsə qadağa qoymur. “Hər səhər”in redaktoru kimi bunu deyə bilərəm ki, müğənni dəfələrlə bizim efirin qonağı olub, böyük hörmətimiz var. Mahnılarını da sevirik, pərəstiş edirik. Ancaq o, bu gün efirə 45 dəqiqə gecikib. Üstəlik də verilişin prodüserin zənglərinə cavab verməyib”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Space TV-də yayımlanan “Hər səhər” verilişinin redaktoru Nüşabə Hüseynli söyləyib.
N.Hüseynli əməkdar artist Abbas Bağırovun efirə buraxılmamasının səbəblərini açıqlayıb:
“Biz verilişə cavabdehik. Müğənni canlı yayıma gecikdiyi üçün verilişin yönünü dəyişdik. Sənətçi canlı efirə 45 dəqiqə gecikə bilməz, bu hörmətsizlikdir. Müğənni intizamsızlığına görə, efirə buraxılmayıb. İnşallah, gələcək efirlərdə Abbas Bağırov deyildiyi saatda gələr, onda da verilişin qonağı olar.
Biz heç bir qadağa qoymamışıq. Sənətçi emosiyaya qapılıb, sosial şəbəkədə elə şeylər yazıb. O, özünə qarşı hörmətsizlik edildiyini desə də, əslində hörmətsizlik bizə qarşı olub. 45 dəqiqə efirə gecikməklə verilişin redaktorunu, prodüserini, əməkdaşlarını pis vəziyyətə qoyub”.
“Hər səhər” verilişinin aparıcısı Əkbər Əlizadə də məsələyə münasibət bildirib. Aparıcı “Qafazinfo”ya açıqlamasında söyləyib ki, kadrarxası baş verənlər barədə məlumatsızdır:
“Neçə dəqiqə efirə gecikməsindən xəbərim yoxdur. Amma onu bilirəm ki, Abbas Bağırovu pavilyonda görmədim. Fikrim ancaq canlı yayımda idi. Kadrarxası baş verənlər barədə məlumatsızam. Ötən gün anonslar getdi, Abbasın qonaq olacağı barədə məlumat verildi. Mənə dedilər ki, Abbas olmayacaq. Bu qədər... Canlı yayımda olduğum üçün məsələyə o qədər də müdaxilə edə bilmədim.
Mən verilişdən çıxan kimi teatra getdim, maraqlanmadım. Abbas çox məsuliyyətli və intizamlıdır. Bir müddət əvvəl verilişimizdə qonaq olub. Abbas haqqında mənfi fikir söyləmək istəmirəm. Münasibətlərimiz eyni cür də davam edəcək”.