Əməkdar Röya, Nadirin bağı, Günayın evi və sinə qırğını - HƏFTƏBECƏR

23-05-2016, 10:55           

Neçə həftədir Qulpqoyan dayıdan yazmıram, bir nəfər də soruşmur ki, kişinin başına nə iş gəlib. Demişdim axı o vaxt Dağıstana getmişdi. Bu dəfə İrana gedibmiş, gələndə iranlı gömrükçülər saxlayıblar. Bunun da cibində bir yağ bıçağı varmış. Çıxarıb ki, hamınızı doğrayaram, sonra da özümü, axırda məcbur olub deyiblər ki, ağayi Qulpqoyan kişi, sən canın xətanı bizdən uzaq elə. Qulqoyan kişidən bu qədər, indi də keçək özümüzün qulp qoyduqlarımıza...

Röya Ayxan əməkdar artist fəxri adına layiq görüləndən sonra onu daha tez-tez dövlət tədbirlərində, mədəniyyət evlərində görmək mümkündür. O gün də bir mədəniyyət evində camaatla görüş keçirib. Əvvəllər heç ələ düşməzdi. Görünür, "əməkdarlaşmaq" hər adama qismət olmadığı kimi, belə özəllikləri də var. Hətta qayda pozduğuna görə yol polisi sənə xəbərdarlıq edir, cərimə yazmır. Halbuki, eyni hərəkəti, məsələn, 40 ilin professoru etsəydi, yol polisi deyəcəkdi ki, mən professor zad tanımıram, cərimələnirsən, vəssalam.

Müğənni Xatun gəlinlik geyinib. Camaat da elə bilib ki, ərə zada gedir. Bir fanatı da eyvandan özünü atırmış ki, bəs mən onu sevirdim, o, məni qoyub heç kimə gedə bilməz. Yan qonşu da o biri eyvandan təsəlli verib. Ardınca əlavə edibdir ki, ay qonşu, narahat olma, onsuz da, müğənnilər bir dəfə ərə getmirlər ki, bu gün ona gedər, sabah boşanar, təzədən sən alarsan da. İkinci qonşunu çox pis qınayıram və bu tribunadan istifadə edib, ona ayıb olsun deyirəm.

Xalq artisti Səməd Səmədov da durub-durub, Zeynəb Xanlarovanın repertuarından olan "Yaşa Azərbaycan" mahnısını oxuyub. Zeynəb Xanlarovanın e. Ta sözüm yoxdur.

Müğənni Günay İbrahimliyə ev hədiyyə ediblər. O da bir ucdan həmin evdən şəkil çəkdirir, sosial şəbəkədə paylaşır. Can sağlığı, xoşbəxt günlər arzu edirəm həmin evin içində. Amma, deyəsən, bu ev məsələsi bizim camaatda ikili fikir yaradıb. Xəlqimiz buyurur ki, Günaya evi hədiyyə edən adam, görəsən, imkansız, ehtiyacı olan şəxslərə də belə canu-dildən kömək edirmi? Doğrusu, cavab verməyə söz tapmadım. Amma güman edirəm ki, edir. Mən güman edirəm ha, edib-etmədiyini dəqiq bilmirəm.

Nadir Qafarzadə də pulsuzluqdan bağ evini satıb. Allah ona da Günaya ev bağışlayan yoldaş kimi bir mərhəmətlisini yetirsin. Bağsızlıq pis şeydi, ağır dərddir, çətindir, zülmdür, əzabdır, nisgildir, kədərdir, iztirabdır, indi də maydır... İnşallah, yaxşı olar.

Aparıcı Zemfira Adıgözəlova deyib ki, camaat mənə baxmamışdan əvvəl sinəmə, sonra da saçıma baxır. Rəhmətliyin nəvəsi, elə sinən də sənindir, saçın da. Bakılılar demişkən, day nöş dilxor olursan? Amma yox, deyəsən, məsələ ciddidir. Çünki Zema ilk fürsətdəcə sinəsini kiçiltmək istəyir. Hə də artıq xərcdi, düz eləyir.

Sinədən söz düşmüşkən, model Əfsanə Qasımova da "Eurovision" təmsilçimiz Səmraya türkün məsəli daş çıxardıb. Deyib ki, onun göstərdiyinin daha gözəli məndə də var. Yəni sinədən söhbət gedir. Amma özümü reklam eləmirəm, ayıbdır və sair. Bir nəfər də yazıb ki, elə iki ay əvvəl lüt şəkilləri yayılan sən idin də. Yaman fısqırıq söhbət olub ha.

Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.