“Bu şikəst olmağım deməkdir, həkimlərin günahıdır” - Xalq artisti

15-09-2023, 17:58           
“Bu şikəst olmağım deməkdir, həkimlərin günahıdır” - Xalq artisti
“Evdə deyirlər sən həkimlərə və apteklərə işləyirsən. Allah bu dövrdə heç kimin yolunu xəstəxanalardan salmasın, heç kimə arzulamıram.”

TEREF.AZ bildirir ki, bu fikirləri Lent.az-a verdiyi açıqlamada Xalq artisti Naibə Allahverdiyeva səsləndirib.

O bildirib ki, bir neçə il öncə çəkiliş zamanı topuğundan aldığı travmanın ağrıları zaman içində getdikcə şiddətlənib və ona güclü problemlər yaradıb.

“Nə vaxtdır müalicə alıram. Lakin son aylar ağrılar lap şiddətlənib. 200-300 addım atandan sonra dözə bilmirəm. Zamanında həkimlər düzgün müalicə etmədi deyə belə hal yarandı. Türkiyəyə də getmişəm. Orda dedilər elə edə bilərik ki, ayağın hərəkətsiz qalsın. O zaman ağrılar olmayacaq. Amma mən səhnədəyəm, necə hərəkətsiz qala bilərəm? Səhnə hərəkət tələb edir. Bu mənim şikəst olmağım deməkdir”,- deyə o qeyd edib.

Naibə xanım bildirib ki, ağrıların şiddətindən gecələr yuxu yata bilmir və içdiyi çoxlu ağrıkəsicilər belə artıq köməyə çatmır.

“Deyirlər sümük əriməsi, artroz var. Gah deyirlər sinir ağrılarıdır. Nə olduğunu tam dəqiq bilən yoxdur. Eşitdiyimə görə, əməliyyat olunmadan İsraildə bu problemi həll edə bilirlər. Amma ona da imkanım çatmır, çox bahadır. Ağlamaq kimi çıxmasın. Amma bu dövrdə davamlı şəkildə müalicə olunmaq asan məsələ deyil. Nə qazanırıq ki, xaricə müalicəyə gedə bilək”,- deyə o bildirib.

“Bəs Mədəniyyət Nazirliyi sizə hər hansı bir dəstək göstərib?” sualımıza cavab verən aktrisa qeyd edib ki, o nazirliyə kömək üçün müraciət etməyib.

“Mən müraciət etməmişəm, onların da yəqin xəbəri yoxdur”,- deyə Xalq artisti bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.