Qarabağ veteranlarından TV-lərə sərt ÇAĞIRIŞ: “Şou proqramları dayandırın!”

1-05-2017, 12:45           

Bir qrup Qarabağ qazisi və veteranı Azərbaycan Teleradio və Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmliyə, Azərbaycanda yayımlanan telekanal və radioların rəhbərlərinə, Azərbaycan sənətçilərinə müraciət edib.
Modern.az-ın məlumatına görə, müraciətdə bildirilib:
"Sizlərin hər birinizdən xahiş edirik ki, şəhidlərin ruhu xatirinə bəzi şərəfsiz və milləti aşağılayan şou proqramları müəyyən müddətə dayandırasınız. Biz demirik ki, ağlayaq. Vətənpərvərlik verilişlərinə üstünlük verin. Milli dəyərləri ifadə edən filmlər göstərin. Tarixciləri dəvət edin. Məddahlıqdan uzaq olun. Hərbçiləri dəvət edin. Vətənpərvər mahnıları səsləndirin. Hərbi verlişlərin sayını və saatını artırın. Unutmayın ki, şəhid və yaralı olan əsgərlər bu dövlət, bu millət yolunda öz canlarını qurban veriblər. Elə bilin ki, öz balanız, qardaşınız şəhid olub. Dövlətin sizə ayırdığı vəsaiti boş və mənasız verilişlərə sərf etməyin. Son hadisələr göstərdi ki, Azərbaycan teleməkanı hansı gündədir. Şəhidlər bu gün də dəfn edilməkdədir. Ancaq siz yenə də çal-çağırdasınız. Bir anlığa həmin şəhidləri gözləriniz qarşısına gətirin və vicdanınızın səsinə qulaq asın.
Müraciətimiz Azərbaycan sənətçilərinədir. Əsas da yurdu-yuvası işğal olunmuş, dədə- baba qəbrləri erməni əlində olan qarabağlı müğənnilərədir. Əzizlərimiz, ekrana çıxıb mahnı oxuyanda və bu mahnı sədaları altında rəqs edəndə doğma yerlərinizi, uçub dağıdılan qəbirlərinizi, əsir və girov olan qız və gəlinlərimizi düşünürsünüzmü? Axı bu sizə yaraşmaz. Son döyüşdə qəhrəmanlıqla 100-ə yaxın əsgərimiz şəhid olub və yaralanıb. Hec olmasa, Allah xatirinə, lazımsız efirlərə çıxmayın, millətin hissiyatı ilə oynamayın.
Əgər bizim bu müraciətimiz nəticəsiz qalacaqsa, biz qazi və veteran qardaşlarımıza müraciət edərək onları sərt aksiyalara çağıracağıq. Millətin və dövlətin taleyi həll olunduğu məqamda, ordumuzda və xalqımızda yüksək döyüş əhval-ruhiyyəsinin olduğu bir vaxtda bizim bu müraciətimizi nəzərə alacağınızı düşünürük. Allah Azərbaycan zabitini və əsgərini qorusun. Allah öz dərgahında şəhid balaların məqamını uca etsin. Ya Qarabağ, ya ölüm!!!
Hörmətlə: Qarabağ qazi və veteranları.
Habil Şirinov
Arif Paşayev
Mobil Yusifov
Kamil Şirinov
Vaqif Əlisoy".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.