Tanınmış azərbaycanlı modelyerin həyatı təhlükədədir: “Məni təhdid edirlər”
22-11-2017, 19:31
Tanınmış modelyer Leyla Əhmədova həyatının təhlükədə olduğunu bildirib. Saytımıza danışan modelyer icarəyə götürdüyü yerin sahibləri tərəfindən hədələndiyini deyib:
“Bir il öncə Nizami Ağayev və Lütfəliyev Azər adlı şəxslərdən icarəyə yer götürmüşəm. Həmin yerə 1 milyon sərmayə yatırmışam. Üzərindən 3 ay keçdikdən sonra özbaşınalıq edərək mənə dedilər ki, buradan çıxmalısan. Halbuki hüquqi tərəfdən mən haqlıyam.
Mənə hədə-qorxu gələrək məhkəməyə verdilər. Daha sonra isə ofisi yardılar, içəridəki əşyaları sındırdılar. Bilmirəm içəri hansı “bomjlar”ı buraxmışdılar.
Bir ildir ki, polislərin, məhkəmələrin əlində qalmışam. Yenə mənə mesaj göndərərək təhdid ediblər. Deyirlər ki, əgər çıxmasan səni tutdurarıq. Hətta ölümlə hədələnirəm”.
L.Əhmədova müraciət etdiyi hüquq orqanlarında işə baxılmadığını deyib:
“Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Bu bir il ərzində polisdə, Baş Prokurorluqda, Şəhər Prokurorluğunda, Daxili İşlər Naziliyində olmuşam və şikayətlərimi yazmışam. Amma nə səsimi eşidən, nə də ki, işi görən var. Cinayət işi ilə maraqlanmırlar.
Bu iş məhkəməyə getməlidir və həmin adamlar məsuliyyətə cəlb olunmalıdır. Çünki qırıb-tökməyə heç bir haqları yox idi.
Polisin bunu görməzdən gəlməsi, bu iki nəfərin qudurğanlığına səbəb olub. Buna görə də üstümə gəlirlər”.
Modelyer baş verən hadisələrə görə fəaliyyətini dayandırmaq məcburiyyətində olduğunu bildirib:
“Fəaliyyətimlə məşğul ola bilmirəm. “Azərbaycan” adlı layihə hazırlamışam və onunla Nyu-Yorkda ölkəmizi təmsil etməli idim. Məni orada gözləyirdilər. Fransada da danışıqlarım olub. Amma hazırda bütün layihələrim dondurulmuş vəziyyətdə qalıb.
Mən vətənini sevən biriyəm. 22 ildir ki, öz tərəfimdən modanı bütün dünyaya yaymışam”.
Leyla Əhmədova məsələ ilə bağlı 23 noyabr tarixində saat 15:00-da sözügedən məkanda mətbuat konfransı keçirəcəyini də açıqlayıb:
“Sabah bu işlə bağlı media nümayəndələri ilə görüşəcəyəm. İnsan Hüquqları Agentliyi, YAP Qadınlar Şurası və Prezident Administrasiyasından nümayəndələri də dəvət etmişəm. Bütün media orqanlarına səslənirəm. Sizə ehtiyacım var. Məsələni ictimailəşdirməliyik ki, yuxarı instansiyaların aşağıda baş verənlərdən xəbəri olsun. Sabah məndə olan bütün sübutları təqdim edəcəyəm. Əlimdə səs yazıları da var.
Daha dözə bilmirəm. Heç vaxt haqqımda neqativ xəbərlərin yazılmasını istəmərəm. Bu gün mən gələcəkdə başıma gələcəklərdən sığortalanmalıyam. Açıqlamanı verməyimin səbəbi hər kəsi məlumatlandırmaqdır. Bir daha təkrar edirəm, həyatım təhlükə altdadır”.
Prime-Time