Baş nazirin müavini məmurları döydü, dizə qədər soyuq suda
30-10-2018, 16:57
Baş nazirin müavini məmurları döydü, dizə qədər soyuq suda
Özbəkistanda yerli məmurları orta əsrlər üslubunda cəzalandıran baş nazirin müavini işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.
Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, baş nazirin müavini Zoir Mirzəyev oktyabrın 25-də Daşkənd vilayətindəki Akkorqan rayonunda taxıl sahələrində işlərin gedişini izləyib. Bu zaman buğda sahələrinin vaxtında suvarılmadığını görən Mirzəyev rayon icra başçısının kənd təsərrüfatı üzrə müavinini, yerli suvarma müdirini, rayon kənd təsərrüfatı şöbəsinin rəhbərini və üç fermeri əvvəl döyüb, sonra onları dizə qədər soyuq suda bir saata yaxın saxlayıb.
Məmurların dizə qədər suda saxlanıldığı barədə görüntülərin sosial şəbəkələrdə yayılması ölkədə qalmaqal yaradıb. Prezident Şövkət Mirziyoyev baş nazirin müavini insan ləyaqətini alçaldan hərəkətlərə görə ötən gün oktyabrın 29-da işdən azad edib. Özbəkistan Baş prokurorluğu isə faktla bağlı təhqiqata başlayıb.
Baş nazir Abdulla Aripov izə öz müavinini “prezidentin siyasətinə qarşı çıxmaqda” günahlandırıb. “Bu, mənim üçün çox xoşagəlməz və biabırçı hadisədir. Çünki mənim müavinim prezidentin siyasətinə qarşı çıxıb. Prezident bu hadisədən oktyabrın 27-də xəbər tutub və həmin gün Mirzəyevi işdən çıxarıb. Lakin Konstitusiyaya görə şənbə və bazar günləri prezidentin sərəncam və fərmanları dərc edilə bilməz, ona görə də bu sərəncam oktyabrın 29-da dərc olunub”-baş nazir bildirib.
Aripov deyib ki, onun müavininin bu hərəkəti xalqa xidmət edən prezident tərəfindən bağışlana bilməzdi.
Habelə oktyabrın 29-da prezident Mirziyoyev bütün səviyyələrdə məmurlara tapşırıq verib ki, insanların məcburi əməyə cəlb edilməsinin istənilən formasının qarşısını almaq üçün üzərlərinə öhdəlik götürsünlər.
Məlumata görə oktyabrın 25-də Akkurqanda döyülənlər və suda saxlanılanlar ifadə vermək üçün Baş prokurorluğa çağırılıblar.
Şahidlərdən biri anonimlik şərti ilə bildirib ki, baş nazirin müavini taxıl sahələrinin vaxtında suvarılmadığını görəndə həmin üç məmuru işdən azad edib, sonra onları döyüb və üç yerli fermerlə birlikdə soyuq suya salıb. “Onları suda 40-45 dəqiqə saxladılar, sonra avtomobilin qabağına salıb 1 kilometrə qədər piyada getməyə məcbur etdilər. Mən heç vaxt belə şey görməmişdim, çox dəhşətli idi”-həmin şəxs bildirib.
Digər şahid isə yazıb ki, Z.Mirzəyev həmin gün keçirdiyi müşavirədə yerli məmurları, o cümlədən rayon başçısını təhqir edib.
Özbəkistanda məmurların öz tabeçiliyindəkiləri və məcburi əməklə bağlı tapşırıqları yerinə yetirməyən, pambıq planını doldurmayan büdcə təşkilatları işçilərini döyüb təhqir etməsi əvvəllər İslam Kərimovun dövründə tez-tez rast gəlinirdi. Lakin indiki prezident Şövkət Mirziyoyev insanların məcburi əməyə cəlb edilməsini dayandırıb və məmurların vətəndaşlarla daha normal münasibətlər saxlamasını təmin edib.