OYADILAN TARİXİ RUHLAR YAXIN ŞƏRQƏ BƏLA GƏTİRİR?- Türkiyədə Zeynal bəyin məzarı niyə köçürülür - ARAŞDIRMA
2-01-2019, 18:31
Stanislav Tarasov
regnum.ru, 01.01.2019
Türkiyə nəşrləri xəbər verir ki, Batman əyalətində Hasankeyf bölgəsində (ölkənin cənubi-şərqində) tarixi və mədəni abidənin – Zeynal bəyin məqbərəsinin yeni yerə köçürülməsi prosesi başa çatıb. Türkiyə telekanalları səkkiz özü hərəkət edən modul transportyora yüklənmiş 1100 tonluq memarlıq abidəsinin beş saat boyunca yeni yerə necə keçirildiyini yayınlayaraq bu hadisəyə ciddi diqqət ayırıb. Və Türkiyədə belə əməliyyat ilk dəfə aparılıb.
Bu, İlısu su anbarının tikintisi və bölgənin gələcəkdə xeyli hissəsinin su altında qalacağıyla bağlıdır. Dövlət qoruğu altında olan və müəllifin bir neçə il qabaq Hasankeyfə səfər edərkən qanqaraldıcı bir durumda gördüyü (məsələn, mavi rəng itmişdi) məqbərənin yeni qeydiyyat əldə etməyini məhz bu doğurub. Amma prinsipcə təəccüblüdür ki, abidə ümumiyyətlə saxlanılıb, belə hallarda tez-tez olduğu kimi qəzəb və ya qisas duyğusunun başqa anlayışlara dov gəldiyi Osmanlı imperiyasının sultanları onu dağıtmayıb. Axı – Britaniya ensiklopediyasının hesab etdiyi kimi – Zeynal bəy Ağqoyunlu türkman tayfa federasiyasının qurucusu və hökmdarı Uzun Həsənin sevimli oğluydu. Uzun Həsən 1423-də doğulub, əsil adı Həsən bəy Bayandurdur. Uzun boyuna görə Uzun Həsən çağırılıb. Trabzon imperatoru IV İoanın qızı Dəspinə xatuna evliydi, bu nigahdan 7 oğlu, o cümlədən Zeynal bəy doğulub. Paytaxtı öncə Diyarbəkir, sonra Təbriz olan Ağqoyunlu nisbətən çox var olmayıb – 1453-1478. Amma əvəzində İran, İraq, şərqi Anadolu ərazilərinə, Cənubi Qafqazın bir bölümünə nəzarət edib. Uzun Həsən “İran şahı” titulu daşıyıb, özünün daxili islahatları, sistemli səviyyədə dövlət qurmaq qabiliyyətiylə Avropada yaxşı tanınıb. Onu hətta Teymurla tutuşdurub, müxtəlif antiosmanlı koalisiyalara cəlb edib və bir çox tarixçinin hesab etdiyi kimi, Uzun Həsənin İstanbulda Osmanlı hakimiyyətini devirməyə gerçək şansları var idi. Ağqoyunlu dövləti bir ara Yaxın və Orta Şərqin Qərbi Avropa ölkələrilə qarşılıqlı münasibətlərində önəmli rol oynayıb. Moskva knyazlığı və Qızıl Orda ilə təmasları var idi. Yeri gəlmişkən, Uzun Həsən Venetsiya hökmdarlarilə alyansa girərək Osmanlı imperiyasının dağılması üzrə tarixdə ilk dəfə ayrıntılı ssenari hazırlayıb: onu qabaqlar var olan asılı, kiçik feodal bəylikləri səviyyəsinə çatdırmaq.
Jan-Jak Bussar. Uzun Həsən. 1632
Osmanlı imperiyası onun planlarına uyğun olaraq eyni vaxtda qərbdən və şərqdən hücuma məruz qalmalıydı. Venetsiya başda olmaqla Avropa dövlətləri Qərbdən (quru və dənizdən), Ağqoyunlu isə Şərqdən zərbə endirəcəkdi ki, İstanbul götürülsün və Bosforla Dardanelə nəzarət edilsin. Ağqoyunlu hökmdarı hesab edirdi ki, Vizantiyanın keçmiş imperatorları sülaləsindən Trapezund imperatoru IV İoan Komninin qızı Teodoranın əri olmaqla Vizantiyanın keçmiş torpaqlarının qanuni varisidir. İki dövlət arasındakı toqquşma 1470-də böhranlı dönəmə girdi. Uzun Həsənin sevimli oğlu Zeynal bəy 1473-də Otluqbeli yaxınlığında belə döyüşlərin birində həlak oldu. Həsən bundan sonra ona Hasankeyf yay iqamətgahında Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Kurtun “ölkənin memarlıq incilərindən biri” adlandırdığı sərdabə tikməyi kəsdirir.
Amma bu sətirlərin müəllifi məqbərəyə şəxsi baxış və saxlanan təsvirlər nəzərə alınmaqla qeyd etməlidir: monumentdə Osmanlı memarlıq irsindən heç nə yoxdur. Sadəlik və forma ciddliyi üzərindən həll olunmuş böyük bədiilik orta yüzillər İran, Azərbaycan, Buxara və Səmərqənd islam memarlığı üçün səciyyəvidir. Məqbərənin haşiyəsindəki Quran ayələrindən yazılar qorunmayıb. Sərdabənin içi ənənəvi üst və alt hissələrə bölgüyə malikdir. Görünür, məqbərənin yalnız üst hissəsini yeni yerə gətiriblər. Zeynal bəyin meyiti salamat qalıbsa da (ki az ağlabatandır), onda suyn altında qalacaq, amma hər şeyə əsasən, tikilinin özü bərpa olunacaq və bu gün Türkiyədə özünü Ağqoyunlu sakinlərinin törəmələri sayanlar tərəfindən ehtiram göstəriləcək.
Amma bunlar məhz kimlərdir? Uzun Həsəni özününkü sayan İran və Azərbaycanda Ağqoyunluya münasibət özəldir. Uzun Həsənin ölümündən bir müddət sonra onun dövləti iki hissəyə bölündü. Biri İranın şimali-qərbini və Cənubi Qafqazın bir bölümünü ehtiva edib.O birinə İran, Ərəb İraqı və Fars torpaqları daxil olub. Ağqoyunlunun yerində tezliklə Səfəvilər dövləti meydana çıxdı və itirilmiş ərazilərə nəzarəti qaytarmaq uğrunda Osmalıyla çarpışdı. Bu çaprışmanın əks-sədası bölgədə indiyədək eşidilir. Türkiyəyə gəlincə, bu yüzillikdə özü üçün yalnız iki önəmli tarixi nişanlayıb: 2023 – çağdaş Türkiyənin yüzilliyi və 2071 – səlcuqların gəlişinin minilliyi. İndi əsasən Türkiyənin Batman əyalətində yaşayan kürdlər Ağqoyunlunu özlərinin tarixi özüllərinə aid etmirlər.
Bununla belə, Yaxın Şərqdə əski tarixi “ruhlar”ın oyanışı həmişə hansısa sarsıntıları törədib. (Ehtimal ki, 1941-ci ilin iyununda Səmərqənddə Əmir Teymurun məzarının açılmasına işarə olunur-red.) Bu dəfə hər şey sakitliklə ötüşəcəkmi?
Tərcümə Strateq.az-ındır.