İran məmurlarından türk dilinə hörmətsizlik: - “Ona bu cür açıqlama vermək tapşırılıb”
4-01-2019, 09:47
İran məktəblərində türk dilinin tədrisi ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Ölkə konstitusiyasında İranda yaşayan xalqların ana dilində tədris almaq hüququ tanınsa da, rəsmilər tərəfindən bu hüquqün reallaşması istiqamətində addım atılmır. Bu səbəbdən də İranda yaşayan 30 milyona yaxın soydaşımız fars dilində təhsil almaq məcburiyyətindədir, ana dilinin fənn olaraq tədrisinə də imkan verilmir. Zəncan Əyaləti Təhsil Şöbəsinin rəis müavini Əsğər Bayat “İsna” xəbər agentliyinə verdiyi açıqlamasında əyalətdə türk dilinin tədris edilmədiyini bildirib. O, bu işin qeyri-qanuni olduğunu deyib:
“Məktəblərdə türk dilinin tədris olunması qeyri-qanunidir və bu barədə Zəncan əyalətinə yeni bir bildiriş göndərilməyib. Ana dilinin tədris olunması mövzusunda nəzəri söhbətlər aparılır. Təbii ki, bu barədə mütəxəssislər öz fikirlərini bildirməlidir. Nəzərə alınmalıdır ki, ana dilinin tədris olunması üçün müəyyən şərait və zəmin yaradılmalıdır”.
Təhsil şöbəsi təmsilçisinin sözlərinə görə, hazırda ölkənin heç bir məktəbində türk dili tədris olunmur, lakin bəzi əyalətlərdə müəllimlər şagirdlərin yaxşı başa düşməsi üçün dərsi ana dilində keçir. Əsğər Bayat bildirib ki, türk dilinin tədrisi üçün qanun qəbul olunmalı və bu barədə əyalətlərə bildiriş göndərilməlidir. Sonra isə dərsliklər hazırlanmalı və müəllimlər müəyyən olunmalıdır. Bunun üçün də vaxt lazımdır. O, Zəncan Əyaləti Təhsil Şöbəsinin dərslərin fars dilində keçirilməsinə təkid etdiyini bildirib. Məsələyə münasibət bildirən Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlı cebhe.info-ya açıqlamasında deyib ki, bu fakt göstərir ki, İranda məmurlar ölkə Konstitusiyasını saya salmırlar:
“Məktəblərdə türk dilinin tədris olunması ölkə konstitusiyasının 15-ci maddəsinə əsasən tam qanunidir. Türk dili türklər yaşayan bütün bölgələrdə tədris olunmalıdır. Bir təhsil şöbəsinin müdir müavini ölkə konstitusyasını bilmirsə, demək ki ya işini yarıtmır, ya da ona bu cür açıqlama vermək tapşırılıb. GAMOH olaraq bu adamın dediklərini qınayırıq. Tələb edirik ki, açıqlamasına düzəliş etsin”.