Türkiyədə daha bir azərbaycanlı qadın öldürüldü - ortaq bəlamız...
5-01-2019, 08:37
Sədaqət Paşayeva: “Bu, Türkiyənin təminatsız ölkə olmasından qaynaqlanır”
Türkiyədə azərbaycanlı qadın amansızlıqla qətlə yetirilib. Hadisə Burdurun Tefenni rayonunda baş verib. 24 yaşlı Qənirə Cabbarova Tefenni-Çavdır avtomagistralında maşının içərisində H.A. ilə mübahisə edib. Mübahisə davaya çevrilib və qadın bıçaqlanıb. Hadisə yerinə təcili yardım xidməti gəlsə də, qadının həyatını itirdiyi bəlli olub. H.A. tutulub. Qadının meyiti ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.
“Yeni Müsavat” isə xatırladır ki, son illər bu kimi hallar tez-tez təkrarlanır. Xüsusən qardaş Türkiyədə haqqı pozulan, insan alverinin qurbanına çevrilən, ailəsi tərəfindən atılan, uşaqları əlindən alınan qadınların hekayəsi həddən artıq çox yaşanır. Bəs bu kimi hallar niyə intensivləşib? Nədən xüsusən qadınlarımızın xoş olmayan sorağı Türkiyədən artan xətt üzrə gəlir?
D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin təmsilçisi, hüquq müdafiəçisi Sədaqət Paşayeva “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hələ 2010-cu ildə Türkiyədə həbsdə olan qadınlarla bağlı araşdırma aparma təşəbbüsü irəli sürüblər. Həmin vaxt 1993-cü ildən bu yana ümumən azərbaycanlı qadınların Türkiyədə həbs statistikasını araşdırmağa çalışıblar: “Bu halların içərisində insan alveri, deport, hüquq pozuntusu da vardı. Təəssüf ki, bu rəqəmləri əldə edə bilmədik. İstanbulda olan vəkillər, hüquq müdafiəçiləri dostlarımız dedilər ki, biz bu statistikanı ancaq İstanbul üzrə edə bilərik. Əslində bizim şikayətlərimiz təkcə qadın alveri ilə bağlı deyil. Orda istismar olunan qadınların əksəriyyəti işləmək adı ilə aparılıb, sonradan isə satılıblar. Bir çox qadınlar orda evlənir, uşaq sahibi olurdular. Amma yaxşı ailəsi olmayanlar küçəyə atılır, uşaqları əllərindən alınırdı. Məsələn, bura qayıdan bir qadının uşağı əlindən alınmış, uşağı sonsuz olan qaynına verilmişdi. Özünü isə deport etmişdilər. Bu cür insidentlər saysız-hesabsızdır”.
S.Paşayeva dedi ki, bu, Azərbaycan üçün ciddi narahatlıqdır. Müsahibimizin sözlərinə görə, sərhədlər açılandan sonra ölkəmizdə fahişəlik halları da artıb. “Ruslar bizi 70 il əsarətdə saxladılar, amma o dövrdə bizdə fahişəlik bu qədər geniş yayılmamışdı” deyən müsahibimizin fikrincə, Azərbaycan qadınlarının insan alverinə məruz qalmasının əsas səbəbi türklərdir: “Xalqlarımız arasındakı milli-mədəni əlaqələrə, köklərimizin bağlılığına baxmayaraq, bu halları inkar edə bilmərik. Onlar bizim qızlara "Nataşa" kimi baxırlar. Düzdü, Türkiyədə təhsil alan xeyli sayda qızlarımız var. Amma hamısı elə deyil. İzmirdə vəkillər dedi ki, bizim burdakı otellərdə azərbaycanlı qızların başına olmazın oyunlar gətirirlər. Kimlərin günahı var bu mənzərədə? Bütövlükdə burda gizli bir əl var. Qadınlarımızın bu cür səviyyədə, bu işlərlə məşğul olması çox acı faciədir. Bu, həm də Türkiyənin özünün təminatsız bir ölkə olmasından qaynaqlanır. Orda insanlara qarşı qanunlar-qaydalar işləmir. İnsan taleyinə çox barmaqarası yanaşılır. Qaşıqçı olayı da bunun bariz nümunələrindən biridir. Nİyə qızlarımız, qadınlarımız Moskva otelində yox - halbuki xristian ölkəsidir və orada mühafizəkarlıq yoxdur - Türkiyə otellərində istismar edilir, başlarına müsibətlər gətirilir? Hüquqi tənzimləməyə, Gürcüstan, Rusiya, Türkiyə ilə ortaq hüquqi konvensiyaya ehtiyac var. İnsan taleləri taleyin ümidinə buraxıla bilməz.
Əks halda ciddi nifrət yarana bilər. Bu hal gələcəkdə sosial partlayışa səbəb olur. Ora gedən qadınlar əsasən təhsilsiz olur. Öz hüquqlarını, davranışlarını bilmirlər. Bu da acı nəticələrə gətirib çıxarır. 20-25 yaşlı oğlanlarımız döyüş bölgələrində şəhid olur, gənc qızlarımız isə başqa ölkələrdə bu cür faciəvi ölümün pəncəsinə düşür".