İNQİLABIN 40-CI İLDÖNÜMÜ: İRAN İSLAM RESPUBLİKASINA RƏĞMƏN 1979-CÜ İL İNQİLABINI MÜDAFİƏ ETMƏK

16-02-2019, 21:11           
İNQİLABIN 40-CI İLDÖNÜMÜ: İRAN İSLAM RESPUBLİKASINA RƏĞMƏN 1979-CÜ İL İNQİLABINI MÜDAFİƏ ETMƏK
Qırx il əvvəl 11 fevralda tarixi bir gün yaşandı. Həmin gün İranda geniş kütləvi mübarizənin nəticəsi olaraq bir inqilab gerçəkləşdi. Pəhləvi istibdadını hədəf götürən bir inqilab.

II Pəhləvi imperialistlərin dəstəyi ilə İranda güclü bir diktatura qurmuşdu və bu qüvvələrin Orta Şərqdə qurduğu sistemin davam etməsində mühüm rol oynayırdı. 1979-cu il inqilabı ilə birlikdə bütün mövcudluğunu neft resurslarına və imperializmin dəstəyinə borclu olan istibdad bütünlüklə yıxıldı. İmperialist qüvvələr xalqın üsyanına boyun əymək məcburiyyətində qaldılar. ABŞ başda olmaqla, imperialist qüvvələrin Orta Şərqdə qurduğu sistem pozuldu və imperializmin bölgədəki hegemonluğuna böyük bir zərbə endirildi. Beləcə, Pəhləvi rejiminin əlindəki bütün qüvvə resursları yeni bir sistem qurmaq üçün ayaqlanan inqilabçı kütlənin əlinə keçdi.

Baş verənlər yeni bir dövrün başlayacağından xəbər verirdi. Qorxu və zorakılıq şəraiti aradan qalxmışdı. Azad və demokratik bir cəmiyyətin əsasları qoyulacaqdı və buna hazırlıq aparılırdı. Yeni dövrün əsasları qoyularkən müzəffər inqilabın azadlıq, müstəqillik və ictimai ədalət döyüşçüləri gələcəyə ümidlə baxırdılar. Bir müddətlik olsa da, inqilab sayəsində geniş ictimai təşkilatlar vasitəsilə ictimai və demokratik hüquqlar çərçivəsində mühüm nailiyyətlər əldə edilmişdi. Lakin bu yeni dövrün ilk günlərindən etibarən yeni bir istibdad yüksəlməyə başladı. Bu istibdadın qurucuları inqilabın daxilindən çıxdılar və ümidin elçisi olan inqilabçıları aradan qaldıraraq yola düşdülər. Onlar böyük xalq inqilabını qısa müddət ərzində İslami inqilaba çevirib, kütlələrin yumruğu ilə darmadağın olan Pəhləvi istibdadının əvəzinə yeni bir dini istibdad qurdular. Qorxu və zorakılıq şəraitini daha şiddətli bir şəkildə yenidən yaratdılar.

Pəhləvi rejiminə qarşı mübarizədə olduqca müxtəlif formalı təşkilatlar iştirak etdi. Siyasi təşkilatlarla yanaşı, fəhlə təşkilatları, məhəlli komitələr və sənətkar birlikləri bu mübarizədə mühüm rol oynadılar. Xüsusilə fəhlə sinfinin özünəməxsus təşkilatlı mübarizəsi inqilaba gedən yolda istibdada böyük zərbə vurdu. Neft sənayesi fəhlələri dövrün ən təşkilatlı hissəsi idi. 1978-ci il boyunca neft sənayesindəki böyük tətillər istibdadı çətin vəziyyətə saldı. Fəqət yavaş-yavaş kütlələri səfərbər etmə gücü rəhbəri Xomeyni olan islamçı hərəkatın əlinə keçdi.

Əslində illərdir ki, partizan döyüşü anlayışı müxalifət nəznində hegemonluğa malik idi. Bu vəziyyət inqilaba doğru irəliləyərkən dəyişdi. Üzvlərinin əksəriyyətini partizan döyüşündə itirən və ya əsir verən radikal qrupların həm təşkilati, həm də siyasi uğursuzluğu nəticəsində, nəhayət, mühafizəkar liberallar və fundamentalist-islamçı hərəkat kütləviləşən hərəkatın üzərində hegemonluq qurdular. Bir tərəfdən Pəhləvi rejiminin mütərəqqi hərəkatları var gücü ilə məhv etmək səyləri, digər tərəfdən isə ənənəvi mühafizəkarların maddi cəhətdən güclənməsi bu hegemonluq təmayülünü gücləndirdi. Sol və radikal islamçı qrupların hər cür fəaliyyəti tamamilə qadağan olduğu halda, ənənəvi islamçı dairələrin fəaliyyətləri böyük azadlıqdan faydalanırdı.

Pəhləvi istibdadının devrilməsi və səltənətə son qoyulması xalq inqilabının böyük miqyasda qələbə qazanması demək idi, amma Xomeyni rəhbərliyindəki islamçı hərəkat tərəfindən qurulmağa başlayan yeni sistem inqilabın hələ başa çatmadığını göstərirdi. İnqilabdan sonrakı üç il boyunca İran inqilabın nailiyyətlərini ələ keçirməyə çalışan mühafizəkarlarla bu nailiyyətləri qorumağa çalışan xalq, siyasi təşkilat və qruplar arasındakı müharibə meydanına çevrildi. Xomeyni rəhbərliyindəki fundamentalist-islamçı hərəkat getdikcə hakimiyyəti inhisarına götürdü və qanlı bir prosesdən sonra inqilabda rolu olan bütün qrupları hakimiyyətdən uzaqlaşdırdı və ya təsviyə etdi. Dolayı və ya birbaşa formada kütlələrin hakimiyyət mexanizmində iştirakını məhdudlaşdırdı, hətta hardasa aradan qaldırdı. İnqilabdan bir neçə il sonra xalqın əlində qalan yeganə hüquq mollaların idarə etdiyi dini istibdadda bütün inqilabi nailiyyətlərdən məhrum olaraq yaşamaq hüququ idi. Xalq canla-başla, üsyan və müqavimətlə qazandığı ədalət, azadlıq və demokratiyanı qısa müddət ərzində itirdi. Fundamentalist-islamçılar xalqın yıxdığı sistemdən daha mürtəce əsaslara söykənən İran İslam Respublikası adı ilə yeni bir istibdad rejimi qurdular.

1979-cu il 11 fevral tarixində İranda möhtəşəm xalq inqilabı gerçəkləşdi və daha sonra inqilabın daxilindən bir dini istibdad meydana çıxdı. Fəqət dini istibdad 1979-cu il inqilabının təbii nəticəsi deyildi. İnqilab və onun nailiyyətləri fundamentalist-islamçı hərəkat tərəfindən oğurlandı. Bu prosesin gerçəkləşməsində sol və ictimai müxalifətin səhvi də az deyildi. Bu müxalifət şüurunun əhatə dairəsinə hakimiyyəti ələ keçirmək daxil deyildi. Kütlələrin dağıdıcı qüvvəsini gördü, amma bu qüvvələrə arxalana bilmədi. Əvvəlcədən öz “taleyinə” boyun əyərək Xomeyniyə təslim oldu. Buna görə də imperializmi qovmağı qarşısına yeganə hədəf kimi qoydu. Xomeyni və tərəfdarları ABŞ-a qarşı mübarizə adı ilə antiimperializm təbliğatını inhisarına götürdükdə tamamilə silahsız qaldı. İslam Respublikasına qarşı mübarizənin yolunu aça bilmək potensialına malik fürsətləri isə xalis antiimperializm nöqteyi-nəzərindən qiymətləndirərək, bəzən isə millətçiliyinə görə qaçırdı. İslam Respublikasının hücumuna hazırlaşmadı və müharibəni asanca uduzdu.

Xalq inqilabını qorumaq uğrunda müharibə illər əvvəl məğlubiyyətə uğradı, amma İslam Respublikasına qarşı kütlələrin üsyanı heç vaxt dayanmadı. Yoxsulluğa, zorakılığa və dövlət şiddətinə qarşı üsyanlar bəzən dini istibdadı sarsıtdı. 1990-cı illərin əvvəlində İslam Respublikasının neoliberal siyasətinə qarşı gerçəkləşən xalq üsyanı, 2009-cu ildə birbaşa istibdadı hədəf götürən xalq üsyanı və keçən ilin yanvar ayında yoxsulların qəzəbli üsyanı bu mübarizənin davam etdiyini göstərir. Dini istibdadı inqilabın təbii nəticəsi hesab edənlər və belə göstərənlər əslində xalqın baş qaldırmasından qorxanlardır. “Bu sistem xalqın əli ilə yıxılarsa, əvəzində daha pisi qurulacaq” – deyənlərin əksəriyyəti imperialist qüvvələrin tərbiyə və hücum siyasətini dəstəkləyənlərdir. Fəqət xalqın mübarizəsi daha əvvəl sarsılmaz hesab olunan Pəhləvi istibdadını yıxdığı kimi, dini istibdadı da yıxacaqdır. Son illərdə Tunis və Misir inqilablarından gördüyümüz kimi, xalqın dağıdıcı qüvvəsi daha da güclü şəkildə özünü göstərə bilir. 1979-cu il İran inqilabı ilə yanaşı, Tunis və Misir inqilablarında da gördüyümüz kimi, inqilabçıların vəzifəsi bu qələbəni təşkilatlandırmaqdır.
heqiqet.org













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.