Konstitusiya Məhkəməsindən Prezidentə sillə kimi cavab
1-03-2016, 23:40
Zühtü Arslan: Konstitusiya Məhkəməsinin verdiyi qərarlara hər kəs və bütün qurumlar tabedir.
Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin Sədri Zühtü Arslan bunu "Konstitusiya Məhkəməsi Fərdi Şikayət Sisteminin Dəstəklənməsi" konfransında bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlər Can Dündar və Erdem Gülün təxliyəsinə dair Konstitusiya Məhkəməsinin qərarına verdiyi reaksiyasında "Qərarı tanımıram, hörmətlə də yanaşmıram" sözlərinə Konstitusiya Məhkəməsinin Sədri Zühtü Arslan ad çəkmədən cavab verib.
Məhkəmə sədri "Konstitusiya Məhkəməsinin verdiyi qərarlara hər kəs tabe olmalıdır" deyə Türkiyə prezidentinə cavab verib. Arslan həmçinin Ərdoğana Türkiyə Konstitusiya Məhkəməsinin qərarlarının qanunvericilik, icra, idarə, hüquqi və fiziki şəxslərin hamısı üçün şamil edildiyi haqda Konstitusiyasının 153-ci maddəsini də xatırladıb.
Arslanın Ərdoğana ikinci cavabı isə, Konstitusiya Məhkəməsinin qərarlarının prioritet sıralaması haqda olub. Ərdoğan Konstitusiya Məhkəməsinə müraciət etdiyini, ancaq bunun məhkəmə tərəfindən gündəmə gətirilmədiyini açıqlamışdı. Məhkəmə Sədri Arslan buna cavab olaraq qeyd edib ki, həbsdə olan şəxsin müraciətinə Konstitusiya Məhkəməsi növbəsiz baxır.
Qeyd edək ki, jurnalistlər Erdem Gül və Can Dündarın Konstitusiya Məhkəməsinə müraciətini məhkəmə orqanı növbəsiz olaraq gündəminə alıb və jurnalistlərin həbsdən azad edilməsi qərarını verib.