“Əmr et axşam namazını Rusiyada qılaq”
2-03-2016, 12:07
“Dövlətin başı əmr edərsə axşam namazını Rusiyada qılmaq üçün yola çıxacağıq.” ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə Ərdəhan vilayətində fəaliyyət göstərən “At minmə Mədəniyyət və İdman Klubu”nun üzvləri deyib. Klubun üzvlərindən Ümid Arabul İstanbul boğazından keçən hərbi rus gəmisinin göyərtəsində çiynində qumbaraatan tutmuş əsgərin bu hərəkətinə kəskin reaksiya bildirib.
“Bizlər sərhəd gözətçiləri axınçılar olaraq atlarımıza mindik və dövlətin başı əmr edərsə axşam namazını Rusiyada qılmaq üçün yola çıxacağıq.” – deyə Arabul bildirib.
"Rahvan" adlı klubun sədri Murad Arabul isə rus siyasətçilərdən birinin “Türkiyəyə 4 istiqamətdən hücum edərik” sözlərinə öz etirazını bildirib. “Şərqdən Ermənistandan, qərbdən Bolqarıstandan hücum edərik deyə bəyanat veriblər. buyursunlar gəlsinlər. biz hüdud gözətçiləri kimi həmişə onların yolunu gözləyuirik. Osmanlı ordusunda olduğu kimi bu dəfə ordunun istiqaməti İrana olmaz. Burdan birbaşa Rusiyaya gedərik və Allahın köməkliyi ilə axşam namazını orda qılarıq.”
Əsla geriyə baxmayacaqlarını deyən Murad Arabul bu millətin uşağının da qocasının da əsgər olduğunu deyib. “Bu açıqlamanı verən rus siyasətçi bizi yaşı dinləsin. Bizim millətdə nə geri baxacaq, nə qorxacaq, nə də geri addım atacaq bir insan yoxdur. On yaşlı uşağımız da axınçıdır, 100 yaşlı babamız da axınçıdır. On yaşlı uşağımız da polisdir, 100 yaşlı babamız da polisdir. On yaşlı uşağımız da əsgərdir və keşik çəkər, 100 yaşlı babamız da əsgərdir və keşik çəkər. bu dövlətin qadını da əsgərdir, uşağı da əsgərdir, milləti də əsgərdir. Bizim nəinki Rusiyadan, bütün cahandan qorxumuz yoxdur.”
Ötən ilin dekabr ayında Türkiyənin İstanbul boğazından keçən Rusiya gəmisində olan əsgər təxribat xarakterli hərəkətə yol vermişdi. Gəminin boğazdan keçdiyi müddət ərzində gəmidəki bir Rusiya əsgəri çiynində qumbaraatan raketlə dayanıb. “Caesar Kunikov” adlı gəmi Rusiyanın Qara dəniz donanmasına aid olub. Hadisə dekabrın 4-də baş versə də şəkillər bir neçə gün sonra sosial şəbəkələrdə paylaşılıb.
Gəminin hansı istiqamətdə üzdüyü barədə məlumat verilməyib. Boğazdakı sərnişinlər bildiriblər ki, Rusiya əsgərləri sərnişin gəmisini görən kimi raketi yuxarı qaldırıblar. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya ilə qırıcı qalmaqalının davam etdiyi bir vaxtda əsgərlərin bu addımını təxribat kimi dəyərləndirib.
Ötən il noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.