Türkiyənin düşmənə çevrilən keçmiş dostu:Sadə türklər Rusiya ilə SSRİ arasında fərq görmür
3-03-2016, 09:46
Rusiya ilə Türkiyə arasında gərginlik artdıqca türklər Rusiyanı ən böyük təhlükə hesab edir.
Türkiyənin millətçi və hökumətyönümlü mediası Moskvanı Türkiyə əleyhinə konspirasiyada ittiham etməkdə davam edir. Ötən ay Türkiyə diplomatının Bolqarıstandan çıxarılmasına görə Moskva günahlandırılır.
İctimai rəy sorğularına görə, türklər Rusiyaya birnömrəli hədə kimi baxır. (Amerikanın Səsi)
Beynəlxalq əlaqələr üzrə ekspert Soli Özəl nəticələrin təəccüb doğurmadığını deyir.
"Əhali informasiyanın 85 faizini televiziya xəbərlərindən alır. Televiziyada davamlı olaraq Rusiya əleyhinə ittihamlar, fikirlər səslənir. Hökumət Rusiyanı Türkiyəyə düşmən göstərir. Rusiya təyyarəsini vurmasını fakt kimi irəli sürür. Rusiya isə Türkiyəyə təhlükə olduğunu məmnuniyyətlə qəbul edir."
Türkiyənin Rusiya təyyarəsini vurması böhranın yaranmasına gətirib çıxarıb. Bu hadisəyə qədər iki ölkə arasında dostluq əlaqələri, ticarət, turizm və qarşılıqlı evliliklər dərinləşməkdə idi.
Bilgi universitetindən tarixçi Ayhan Aktar isə deyir ki, ölkələr arasında düşmənçilik tarixən mövcud olub.
"Bu iki ölkə arasında keçmiş düşmənçiliklər mövcuddur. Bir neçə hərbi qarşıdurma və soyuq müharibə olub. Sadə türklər Rusiya ilə Sovet İttifaqı arasında fərq görmür. Bu, həmişə Rusiya olub. Düşmənçiliyə də həmişə əsas olub. "
Aktar böhranın tarixlə məhdudlaşmadığını, Moskva ilə hazırkı gərginliyin hər iki ölkədəki sabitsizliklə əlaqəli olduğunu deyir: “Hər bir tədbirdə Türkiyənin düşmənlərlə əhatə edildiyini eşitmək olar. Bu, Yunanıstan, Ermənistan, İran və Rusiya ola bilər."
Moskvanın bu yaxınlarda Türkiyəyə qonşu Ermənistanda hərbi mövcudluğunu artırması da Türkiyənin narahatlıqlarını artırıb.