Rus ordusunun Ukraynaya hücumda ilk səhvi – Ağar

4-04-2022, 17:04           
Rus ordusunun Ukraynaya hücumda ilk səhvi – Ağar
Müharibə əvvəldən təşkilati baxımdan düzgün getmədi. Hərb elmində “hazırlıq atəşi” anlayışı var – aktiv şəkildə hücuma keçməzdən əvvəl qarşı tərəfin müdafiə xətlərindəki müqaviməti qırmaq üçün edilən bombardmana deyilir. Rus ordusu çox qısa müddətdə bunu tətbiq etdi. Eyni vaxtda beş qoldan hücuma başlayan Rusiya hərəkatın ağırlıq mərkəzi ilə bağlı problemlər yaşamağa başladı.

Bu sözləri açıqlamasında terror və təhlükəsizlik məsələsi üzrə ekspert Abdullah Ağar deyib. Onun sözlərinə görə, müharibəni qısa müddətdə qazanacağına ümid edən Rusiya qarşı tərəfin əzmini qırmağı bacarmadı:

“Müqayisə üçün demək istəyirəm ki, ABŞ İraqı işğala başlamadan öncə altı gün “hazırlıq atəşi” tətbiq etdi. Lakin bu, rus ordusunda yalnız 45 dəqiqə davam etdi. Nəticə etibarilə Rusiya Ukrayna ordusunun mövqelərini dağıtmağa, müqavimətini, inancını və əzmini qırmağa nail ola bilmədi. Digər bir səbəb isə döyüşlərin yaşayış məntəqələrinə keçməsidir. Yəni nə qədər güclü olmağınızdan asılı olmayaraq, belə döyüşlər sözün əsl mənasında üzbəüz getdiyi üçün nəticələri də çox ağır olur. İndi əgər hansısa bir aldatma yoxdursa, fikrimcə, müharibə öz güc dinamikasını yaratmağa başlayır”.

Abdullah Ağar Donbasda gözlənilən ağır döyüşlərin nəticəsinin müharibənin və müzakirələrin taleyini müəyyən edəcəyini vurğulayıb:

“Ukrayna ordusunun müharibənin və müzakirələrin taleyinə, gedişatına təsir edəcək əsas hissəsi Donbasda – Luqansk və Donetskdəki separatçıların mövqelərinin tam qarşısında yerləşir. Əgər rus ordusu oradakı cəbhədə mövqe tutan Ukrayna əsgərlərini mühasirəyə almağa, yaxud onlara yan və arxa cinahlardan zərbə vurmaq yolu ilə nizamı pozmağa nail olsa, müharibənin taleyini öz xeyrinə dəyişə bilər. Ukraynada Rusiyaya qurulan ən böyük tələ müharibənin geniş məkana yayılmasıdır. Bir partizan hərəkatı, yeraltından idarə olunan hərəkat və yaşayış məntəqələrindəki döyüşlər hər iki tərəfi yorar, lakin rus ordusu daha çox yorular, həm də dağılmalara məruz qalar. Çünki Ukraynanın ərazisi böyükdür, əhalisi, silahı və ordusu var. Eyni zamanda Ukrayna ordusu öz ölkəsində döyüşdüyü üçün relyefə qarşı tərəfdən daha çox bələddir, əhali də orduya kömək edir. Bu, Rusiyanın başına hörülmüş bir corabdır. Rusiya öz siyasi ehtirasları ilə real vəziyyət arasında, ABŞ isə nüvə gücünə sahib bir ölkə ilə müharibənin uzanmasının və fərqli mərhələlərə keçməsinin qarşısını almaq üçün bir balans qurmalıdır. Burada əsas məsələ Ukraynanın iradəsidir. Ukraynanı çox vaxt zəif hesab edirlər. Ancaq rəsmi Kiyev güclü müqavimət hərəkatı təşkil etmək, ağıllı siyasət yolu ilə üzərində oynanan böyük oyunu poza və öz haqqını özü ala bilər”./axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.