“Ərdoğan son 20 ildə yeganə liderdir ki...” – İNGİLİS NƏŞRİ

25-04-2022, 12:26           
“Ərdoğan son 20 ildə yeganə liderdir ki...” –
İngiltərənin “The Economist” nəşri Türkiyənin Afrika ölkələri ilə əlaqələrinin son 20 ildə gücləndiyini və Somalinin bu mənada mühüm nümunə olduğunu yazıb.

Qafqaz.media teleqraf.com-a istinadən xəbər verir ki, nəşr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2011-ci ildə vətəndaş müharibəsi və quraqlıqla mübarizə aparan Somaliyə böyük heyətlə səfər etdiyini xatırladıb.

Mənbə Ərdoğanın son 20 ildə Somaliyə səfər edən Afrika mənşəli olmayan lider olduğuna diqqət çəkib və bunun həm Afrika Buynuzu bölgəsində, həm də bütün qitədə dərin əlaqələrin qurulmasına yol açdığınə qeyd edib.

Məqalədə Somalidəki zorakılıqlara da toxunulub və ölkədə türklərdən başqa xarici investorların çox az olduğuna diqqət çəkilib. Türk şirkətlərinin Somalidə otel, hava limanı, yol və rəsmi qurumların binaları kimi bir çox sahədə fəaliyyət göstərdiyi və İstanbula gündəlik uçuşların təşkil edildiyi bildirilib.

Türkiyənin ən böyük xarici bazasının Somalidə yerləşdiyi və 5 mindən çox somalili polis və hərbçiyə Türkiyə tərəfindən təlim verildiyi deyilib.

Türkiyənin Afrikadakı səfirliklərin sayının 43-ə çatdığı, qarşılıqlı ticarət əlaqələrinin 30 milyard dollara yaxınlaşdığı bildirilən məqalədə bir çox Afrika ölkəsində türk sərmayəçilər tərəfindən hava limanları, stadionlar, yollar, qatar xətləri və məscidlərin inşa edildiyi vurğulanıb.

Məqalədə Türkiyənin humanitar yardım səyləri ilə də Afrika ölkələriylə əlaqələrini gücləndirdiyi qeyd edilib.

Məqalədə Türkiyənin Liviya kimi ölkələrdə öz nüfuz dairəsini genişləndirmək istəyən Fransa və Səudiyyə Ərəbistanı ilə üz-üzə gəldiyi, eləcə də Toqo, Nigeriya və Seneqalla hərbi sahədə əməkdaşlığı dərinləşdirdiyinə diqqət çəkilib.

Nəşr Türkiyənin prioritet hədəfinin döyüşə qatılmaqdansa müdafiə sənayesi məhsullarını, xüsusilə də pilotsuz uçan aparatlarını satmaq olduğunu yazıb.

Efiopiya, Liviya, Mərakeş və Tunis kimi ölkələrdə Türkiyə istehsalı PUA-ların görüldüyü, Nigeriya və Ruandanın da bu silahları əldə etmək üçün addımlar atdığı deyilib.

Türkiyənin Afrika ölkələri ilə əlaqələrinin öz bəhrəsini verdiyi vurğulanan xəbərdə FETÖ lideri Fəthullah Gülənin qardaşı oğlunun Keniyada tutularaq Türkiyəyə təhvil verildiyi xatırladılıb.

Afrika ölkələrinin Türkiyəyə marağının artdığı və Türkiyədəki Afrika ölkələrinə aid səfirliklərin sayının 37-yə yüksəldiyi bildirilən məqalədə bu ölkədə 14 mindən çox afrikalı tələbənin təhsil aldığı bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.