Ərdoğanın buğda açıqlaması aranı qatdı
5-05-2016, 10:07
23 il öncə Türkiyənin Ermənistanı aclıqdan qurtarmasına Azərbaycan hökumətinin razılıq verməsi məsələsində fikirlər haçalandı
Türkiyənin 1993-cü ildə Ermənistana etdiyi 41 min ton buğda yardımının üzərindən 23 il keçsə də, zaman-zaman bu məsələ gündəmə gəlir. Hər iki ölkənin ictimaiyyəti arasında bununla bağlı müxtəlif fikirlər var. Məsələyə münasibət heç də birmənalı deyil.
Rusiyanın yardımını azaltdığı vaxt aclıq və səfalətə düçar olan düşmən ölkəyə yardım etdiyi üçün o zaman Türkiyə rəhbəri olan Süleyman Dəmirəl hökuməti hələ də ciddi tənqidlərə məruz qalır. Hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün öncə üzə çıxan videoaçıqlamasında 23 il öncə Türkiyənin Ermənistana etdiyi yardıma toxunması bu məsələni bir daha aktuallaşdırıb. Ərdoğan 23 il öncə müxalifətdə olarkən bu barədə fikirlər səsləndirərək, Dəmirəl hökumətini ermənilərə yardım etdiyi üçün sərt şəkildə tənqid edib. Videoda Ərdoğan 41 min ton deyil, 100 min ton buğda göndərildiyini qeyd edib. Türkiyədəki 1993-cü il seçkiləri ərəfəsinə təsadüf edən çıxışda Ərdoğan Türkiyəni parçalamaq üçün tarix boyu plan quran ermənilərə yardım edən Dəmirəl hökumətinin xalqın səsinə layiq olmadığını bildirib...
Ötən müddət ərzində Azərbaycanda da Türkiyənin ermənilərə etdiyi buğda yardımı ilə bağlı müxtəlif fikirlər olub. Aclıqdan əziyyət çəkən, eyni zamanda Azərbaycanla müharibə aparan dövlətə qardaş dediyimiz Türkiyənin nə üçün yardım etdiyi sualına hələ də konkret cavab tapılmayıb. Türkiyənin həmin dönəmdə Ermənistanla münasibətləri elə də yaxın deyildi. Əksinə, hər iki ölkə arasında indiyə qədər davam edən kəskin münasibətlər 1993-cü ildə də cərəyan edirdi.
Bu məsələ ilə bağlı iddialar da çoxdur. Əsas iddialardan biri o zaman Azərbaycan prezidenti olan Əbülfəz Elçibəyin yardım barədə razılığının olması fikirləridir. Türkiyənin Azərbaycan tərəfin razılığını aldıqdan sonra yardım etdiyi deyilir. Bunu tənqid edənlər bildirir ki, müharibənin əsas qanunlarından biri rəqib tərəfi müxtəlif variantlarla məğlub etmək olduğu halda, ermənilərə buğda göndərilməsinə Azərbaycan razılıq verib...
Elçibəy hökumətində baş nazir postunu tutan AXP lideri Pənah Hüseyn yardımla bağlı iddialara belə münasibət sərgilədi: “O zaman beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistanda dinc əhalinin ərzaq çatışmazlığı ilə üzləşməsi məsələsini Türkiyə vasitəsilə qaldırmışdılar. Türkiyə üzərindən onlara yardım məsələsini gündəmə gətirmişdilər. Konkret miqdarı xatırlamıram, amma söhbət ermənilərə buğda yardımından gedirdi. Prinsip etibarı ilə beynəlxalq humanitar yardımın qarşısının alınması ilə bağlı Azərbaycan tərəfdən heç bir addım atılmayıb və bunun əleyhinə çıxılmayıb. Hesab edirəm ki, doğru olaraq əleyhinə çıxılmayıb. Çünki bu, Azərbaycan dövlətçiliyinə və xalqın adət-ənənələrinə uyğun olmazdı”.
1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində çalışan millət vəkili Fazil Mustafa Türkiyənin yardımının Elçibəylə razılaşdırılmadığını bildirdi: “Həmin dövrdə yeni dövlət qurulmuşdu. Buna görə müəyyən köməyə ehtiyacımız var idi. Həmin ərəfədə Süleyman Dəmirəlin yürütdüyü siyasət Azərbaycan hökumətinin maraqları ilə uzlaşmırdı. Turqut Özal rəhmətə getdikdən sonra hakimiyyətə gələn Dəmirəlin Elçibəyə qarşı münasibəti müsbət olmadığına görə onun hakimiyyətdə qalmasını arzulamırdı. Buna görə də mənfi imic yaradan addımlar atırdı. Onlardan biri də Ermənistana dəstək verib, buğda yardımı etməkdir. Sonralar bu addımını Dəmirəl Azərbaycan hökumətinin adına bağlamağa çalışdı. Əslinə qalsa, bu belə deyildi. Azərbaycan hökumətinin hər hansı bir şəkildə bu proseslərə aidiyyəti yox idi. Amma çox təəssüf ki, bunu o vaxtlar adımıza bağlamaq cəhdləri oldu. Bu, müsbət bir hal deyildi. Bütövlükdə bu məsələdə hər hansı bir şəkildə Azərbaycan dövlətinin qınanması düzgün deyil. Bu məsələyə heç bir qarışacağımız olmayıb. Elçibəylə bu addım razılaşdırılmayıb. Deyilənlər həqiqətdən uzaqdır. Sadəcə, Dəmirəl atdığı addımın səhv olması ilə bağlı deyiləcək tənqidləri önləmək üçün belə fikirlər ortaya atmışdı”.musavat.com